​İlham Əliyev: Ermənistan tərəfinə demək istəyirəm, - ölmək istəmirsinizsə, torpaqlarımızdan rədd olun!

​İlham Əliyev: Ermənistan tərəfinə demək istəyirəm, - ölmək istəmirsinizsə, torpaqlarımızdan rədd olun! "Azərbaycan Ordusunda olan texnika, Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər"
Qarabağ
25 İyun , 2015 22:40
​İlham Əliyev: Ermənistan tərəfinə demək istəyirəm, - ölmək istəmirsinizsə, torpaqlarımızdan rədd olun!

Bakı. 25 İyun. REPORT.AZ/ "Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər".

"Report"un məlumatına görə, bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı mərasimindəki çıxışında deyib.

Çıxışı zamanı ən böyük problemimizin torpaqlarımızın işğal altında qalmasının olduğunu bildirən dövlət başçısı uzun illərdir bu ədalətsizliyin davam etdiyini deyib:

"Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Uzun illər bu ədalətsizlik davam edir. 1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə qalır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya əfsuslar olsun ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir.

Belə olan halda əlbəttə ki, ancaq və ancaq öz gücümüzə güvənməliyik və biz bunu edirik. Əlbəttə, beynəlxalq təşkilatların sənədləri, qətnamələri, qərarları bizim siyasi, diplomatik imkanlarımızı artırır. Bu gün heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır. Bu hüquqi baza, eyni zamanda, tarixi ədalət üzərində qurulubdur. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq.

Bugünkü dünyada güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir daha qeyd etmək istəyirəm ki, bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir. Bizə gəldikdə isə 20 il keçibdir, bu qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq".

İlham Əliyevin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz.

"Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq.

Biz münaqişəni tezliklə, ədalətli və öz xeyrimizə həll etmək üçün daha da güclü olmalıyıq. Biz güclü dövlət qururuq. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır. Baxın, bütün bölgələrdə, bütün regionlarda qanlı toqquşmalar, münaqişələr, vətəndaş müharibələri, siyasi və iqtisadi böhranlar hökm sürür. Azərbaycan isə inkişaf, sabitlik adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir. Biz güclü iqtisadiyyat qurmuşuq və bu gün iqtisadi inkişaf baxımından heç bir ölkə Azərbaycan ilə müqayisə oluna bilməz. Son on il ərzində bizdə olan iqtisadi inkişaf templəri heç bir başqa ölkədə heç vaxt olmamışdır. Bu gün Azərbaycan uğurlu iqtisadi inkişafını davam etdirir. Bu, bizə imkan verir ki, müstəqil siyasət aparaq. Əgər bizim iqtisadiyyatımız başqa ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə institutlarından asılı olsaydı, əlbəttə, başqa ölkələrin iradəsini bizə diktə edə bilərdilər. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. Əgər belə cəhdlər olursa, biz bu cəhdlərin qarşısını qətiyyətlə alırıq. Azərbaycan dövləti öz yolu ilə gedir. Bu yol müstəqillik və inkişaf yoludur. Azərbaycan xalqı öz taleyinin sahibidir. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi inkişaf yolundan döndərə bilməz. Ona görə ki, iqtisadi inkişaf bizim uğurlu inkişafımızın, müstəqilliyimizin əsas təminatçısıdır.

Təmas xəttindəki vəziyyətlə hərbçilər yaxından tanışdırlar. Azərbaycan ictimaiyyəti də bunu bilir. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü əldə edibdir. Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər.

Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər".

Daha sonra dövlət başçısı hərbçilərə müraciət edib:

"Əziz hərbçilər, biz 24 ilə yaxındır ki, müstəqillik şəraitində yaşayırıq. Müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir. Əsrlər boyu Azərbaycan xalqı, bizim əcdadlarımız müstəqillik eşqi ilə yaşamışlar. Ancaq bu xoşbəxtlik bizə nəsib olub.

Bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Azərbaycanda xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir. Azərbaycanda gözəl ictimai ab-hava var. Bu, doğrudan da nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir.

Bizim əvvəllər də enerji resurslarımız var idi. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan nefti dünya neftinin 50 faizini təşkil edirdi. Ancaq o sərvət, o nəticələr harada idi?! Çünki o resurslar bizə məxsus deyildi. Ancaq müstəqillik illərində biz böyük nəticələrə nail ola bilmişik.

Bizim xalqımız azaddır, müstəqildir. Biz öz həyatımızı özümüz qururuq, heç kimdən asılı deyilik. Bizim müstəqilliyimiz sadəcə olaraq dövlət atributları ilə ölçülmür. Biz müstəqil siyasət aparırıq, bütün beynəlxalq tribunalarda sözümüzü deyirik, bütün beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyimizi ifadə edirik. Bəzi hallarda bu, bizi istəməyən xarici qüvvələri, dairələri qıcıqlandırır. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ Azərbaycan xalqının təhlükəsizliyi, rifahı, Azərbaycan dövlətinin inkişafı və güclənməsidir.

Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir. Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaqdır. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır.

Əziz hərbçilər, sizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!"

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı “N” saylı hərbi hissənin əsgər yataqxanasında oldu.

Hərbi hissənin şəxsi heyəti üçün yataqxanalar inşa olunub. Üçmərtəbəli binalarda əsgər və zabitlərin qalması, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsgər yataqxanalarında, həmçinin lazımi hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var. Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması, onların hərbin sirlərinə daha dərindən yiyələnməsi istiqamətində mühüm layihələr yerinə yetirilir.

Ali Baş Komandana “Bəbir-2” zirehli nəqliyyat vasitəsi barədə də məlumat verildi. Avtomatik sürətlər qutusu, hidravlik sükan mexanizmi ilə təchiz edilən bu zirehli maşın Azərbaycan istehsalıdır. İstənilən döyüş tapşırığını yerinə yetirə bilən bu zirehli nəqliyyat vasitəsi döyüş zamanı təbii və süni maneələri asanlıqla dəf edə bilir.

Dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin poliklinikasındakı şəraitə baxdı. Poliklinika binasının foyesində ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotolar sərgilənir. Burada əsgər və zabitlərin həm müalicəsi, həm də müayinəsini həyata keçirmək mümkündür. Poliklinikada 11 funksional bölmə və 4 funksional kabinet yaradılıb. Buradakı oftalmoloq, fizioterapiya, nevropatoloq, LOR, stomatoloq, cərrah, terapevt, ultrasəslə müayinə, dermatoloq və rentgen otaqları tibbin müasir texniki avadanlığı ilə təchiz edilib. Poliklinikada, həmçinin biokimyəvi, kimyəvi və seroloji müayinələrin aparılacağı laboratoriya, prosedur otaqları, aptek, yeməkxana yaradılıb. Bu tibb müəssisəsində 32 çarpayılıq 7 palata da var. Palatalardakı şərait hərbçilərin müalicə proseslərini yüksək səviyyədə aparmağa geniş imkan verir.

Qaradağ rayonunun Puta qəsəbəsində ayrılan 254,5 hektar torpaq sahəsində Hərbi Dəniz Qüvvələri və “N” saylı hərbi hissə üçün qərargah binaları, 2 xidməti yaşayış binası, 10 sahilyanı matros yataqxanası, əsgər yeməkxanaları, nəzarət-buraxılış məntəqələri, qazanxana-camaşırxana-hamam kompleksi, gəmilərin yan alması üçün körpülər, anqar tipli avtomobil dayanacaqları yaradılıb.

Gəmilərin yanalma körpüsünə gələn Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrinin idarəetmə gəmisinə baxdı. Gəmidə şəxsi heyətin yaşaması, istirahət etməsi və xidmət aparması üçün zəruri şərait yaradılıb. Gəmidəki qurğular şəxsi heyətin qarşısına qoyulmuş döyüş və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olmaq imkanı yaradır.

Dövlətimizin başçısına gəminin baş komanda məntəqəsi haqqında məlumat verildi.

Bildirildi ki, baş komanda məntəqəsi gəminin idarə edilməsini, dənizdə üzmə zamanı naviqasiya və məhdud görünmə şəraitində təhlükəsizliyini təmin edir. Bütün silah və texniki vasitələrin idarə edilməsi, döyüş və atəş tapşırıqlarının yerinə yetirilməsi də buradan həyata keçirilir. Gəminin hərəkətə gətirilməsi və istiqamətinin tənzimlənməsi üçün baş mühərriklərin və sükanın idarə edilməsi məqsədilə burada ən son texnoloji avadanlıq quraşdırılıb. Bütün cihazların təyin etdiyi göstəricilər elektron xəritədə əks olunur.

Hərbi hissədə tikintinin ikinci mərhələsində gəmilərə və avtomobillərə texniki qulluq və təmir sahələri, əlavə yanalma körpüləri, anbarlar sahəsi, zabitlər evi, uşaq bağçası və məktəb binaları, klub və idman şəhərciyinin inşası nəzərdə tutulub.

Sonra Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin qərargahı və matros yataqxanasında yaradılan şəraitlə tanış oldu. Bu bina hərbi hissə qərargahının fəaliyyəti və matrosların yaşaması üçün nəzərdə tutulub. Burada hər biri 8 nəfərlik olmaqla 4 otaq var. Otaqlarda hərbçilərin yatması, istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün imkanlar yaradılıb. Məişət xidməti və sinif otaqları, kompyuter zalı əsgərlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti üçün inşa edilən yaşayış binaları barədə də məlumat verildi. Ərazidə beşmərtəbəli iki bina inşa olunub. Beş blokdan ibarət binaların hər birində üçotaqlı 50 mənzil var. Bütün zəruri avadanlıqla təchiz olunan mənzillərin hər birinin ümumi sahəsi 110 kvadratmetrdən artıqdır. Binaların ikisi də mərkəzləşdirilmiş havalandırma sistemi ilə təmin olunub. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb.

Daha sonra dövlətimizin başçısı “N” saylı hərbi hissənin qazanxana-camaşırxana-hamam kompleksindəki şəraitlə tanış oldu. Bu kompleks də müasir səviyyədə yaradılıb.

“N” saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı Ali Baş Komandana səhra şəraitində yemək hazırlamaq məqsədilə soba, şəxsi heyət üçün səhra şəraitində suyun qaynadılması, yeməklərin və çörəyin hazırlanması, hazır yeməklərin daşınması üçün xüsusi qablar və soyuducular, həmçinin son dövrlərdə əsgərlərin yemək rasionuna edilən əlavələr barədə də məlumat verildi. Bildirildi ki, yeməkxanada eyni vaxtda üç min nəfər qidalana bilər.

Prezident İlham Əliyev çörək sexinə də baxdı. Məlumat verildi ki, bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə olan tələbatını tam ödəməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi