Həmsədrlər: "Qaçqınlar məsələsini həll etmədən münaqişənin hərtərəfli həllinə nail olmaq mümkün deyil"

Həmsədrlər: "Qaçqınlar məsələsini həll etmədən münaqişənin hərtərəfli həllinə nail olmaq mümkün deyil" ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyi ilə görüşüb
Qarabağ
28 Oktyabr , 2015 13:36
Həmsədrlər: Qaçqınlar məsələsini həll etmədən münaqişənin hərtərəfli həllinə nail olmaq mümkün deyil

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyi ilə görüşüb. 

"Report" xəbər verir ki, görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, eləcə də Dağlıq Qarabağın Azərbaycan icmasının sədri, Şuşa rayonunun İcra Hakimiyyətinin başçısı Bayram Səfərov iştirak edib. 

B.Səfərov vasitəçilərdən gözlənti və istəklərini diqqətə çatdırıb: "Biz istəyirik ki, ATƏT-in Minsk qrupu bizim doğma torpaqlarımıza qayıtmağımızda rol oynasın".

O qeyd edib ki, bu görüşü doğma Şuşada keçirmək istərdi, lakin ATƏT Minsk qrupunun səyləri heç bir nəticə vermir: "Biz həmsədrlərin bütün məsələlər üzrə ədalətli qərar verəcəyinə ümid edirik".

Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Ermənistan və Azərbaycanda keçirdikləri görüşlərin nəticələri haqqında danışıb. O vurğulayıb ki, vasitəçilər münaqişə tərəfləri arasında humanitar əlaqələrin yaranması üzərində işləyir. İ.Popov, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümidvar olduğunu bildirib.

ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik məcburi köçkünlərin durumundan məlumatlı olduqlarını bildirib: "Biz bilirik ki, bu 20 il sizin üçün ağır keçib. Mən istəyirəm biləsiniz ki, XİN rəhbərləri və dövlət başçıları ilə görüşlərdə biz qaçqınlar məsələsini həll etmədən münaqişənin hərtərfli həllini əldə etməyin mümkün olmadığını deyirik".

O qeyd edib ki, gənc azərbaycanlılar və ermənilərin bir-biri haqqında məlumatları yoxdur və onlar münasibət saxlamaq imkanından məhrumdurlar: "Bu da təəssüf doğurur". 

Son xəbərlər

Orphus sistemi