Fransalı həmsədr: "Biz təmas xəttində gərginliyi azaltmaq üçün əlimizdən gələni etmək istəyirik"

Fransalı həmsədr: "Biz təmas xəttində gərginliyi azaltmaq üçün əlimizdən gələni etmək istəyirik" Vasitəçilər Minsk qrupu üzvlərini məlumatlandırmaq üçün Minsk, Belqrad və Romaya səfər etməyi planlaşdırır
Qarabağ
16 Fevral , 2015 17:22
Fransalı həmsədr: Biz təmas xəttində gərginliyi azaltmaq üçün əlimizdən gələni etmək istəyirik

Bakı. 16 fevral. REPORT.AZ/ Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu üzvlərini məlumatlandırmaq üçün Minsk, Belqrad və Romaya səfər etməyi planlaşdırırlar. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryö bildirib. 

O xatırladıb ki, vasitəçilər artıq Almaniya və Finlandiyada olublar: "Finlandiya Xarici İşlər Nazirliyi bizi dəvət etməklə vəziyyətin nə yerdə olması və hansı problemlərin mövcud olduğu barədə məlumatlarla yaxından maraqlanırdılar". 

Regiona hazırkı səfərini şərh edən P.Andryö vurğulayıb ki, vasitəçilər iki ölkənin prezidentləri, eləcə də müdafiə nazirləri ilə görüşlər keçirməyi planlaşdırır. Səfər zamanı münaqişənin həlli ilə bağlı gələcək addımlar, eləcə də Azərbaycan-Ermənistan sərhədi və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar müşahidə olunan gərgin vəziyyət müzakirə olunacaq: "Son aylar və həftələr təmas xəttində gərginlik müşahidə olunur və biz bu gərginliyi azaltmaq üçün əlimizdən gələni etmək istəyirik. Biz məhz bunun üçün çalışırıq". 

Onun sözlərinə görə, Parisdə baş tutan sammitin müsbət məqamlarından biri odur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) hər iki ölkədəki nümayəndəliyi vasitəsilə müharibə zamanı itkin düşən şəxslər barəsində məlumat mübadiləsi haqqında razılığa gələ biliblər: "Səfər zamanı həmin məsələ də qaldırılacaq. Düşünürəm ki, həm Bakıda, həm də İrəvanda BQXK nümayəndəliyi ilə görüş təşkil olunacaq. Biz istəyirik ki, BQXK artıq bu istiqamətdə işə başlasın, çünki minlərlə ailə ata və qardaşlarının başına nə gəldiyini bilmək istəyir. Bu, çox həssas mövzudur və iki ölkə arasında etimadın qurulması ilə bağlı tədbirlər sırasına daxildir. 

Əlbəttə ki, bu, kiçik addımdır, lakin ümid edirəm ki, həmin məsələ öz müsbət rolunu oynayacaq". 

Həmsədrlərin gələcək addımları və münaqişənin həlli ilə bağlı yeni görüş təşkil etmək ehtimalı haqqında danışan fransalı həmsədr ölkələrin xarici işlər nazirləri və prezidentlərinin gələcəkdə də görüşəcəklərinə ümidvar olduğunu bildirib.

"Biz həmsədr kimi öz missiyamızı  yerinə yetirmək istəyirik, bu, hər zaman asan başa gəlmir, lakin biz öz fəaliyyətimizi davam etdiririk".

Ukraynada baş verən böhranın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir ehtimalı haqqında danışan P.Andryö qeyd edib ki, bu onların işinə heç bir təsir göstərməyib və vasitəçilər münaqişənin həlli ilə bağlı öz missiyalarını davam etdirirlər. 

Son xəbərlər

Orphus sistemi