Bakı. 26 fevral. REPORT.AZ/ "Regionda Avropa-Rusiya münasibətlərinin gərginləşməsindən asılı olaraq II Dağlıq Qarabağ müharibəsinin başlanma risklərinin çoxalması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Ümumiyyətlə Ermənistanda dövlət deyilən anlayış şərti mənada işlənir. Yəni Ermənistan bizim başa düşdüyümüz mənada dövlət deyil, ora sadəcə siyasi qurumdur". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin I vitse-spikeri Ziyafət Əsgərov deyib.
O bildirib ki, Ermənistan adlı siyasi qurumun kimlər tərəfindən idarə olunduğu hər kəsə məlumdur: "Ona görə də Ermənistanın hər hansı bir müharibəni başlatmağa gücü yoxdur. İlk növbədə onun buna nə iqtisadi, nə siyasi, nə də hərbi potensialı var. Sərhəddə hər gün atəşkəsi pozmaqda məqsəd xalqın fikrini daxili problemlərdən yayındırmaqdır. Bu da bir müddətlik ola bilər. Təbii ki, sonda nəticə göz qabağında olacaq. Nəticəsi də onların öz başında çatlayacaq".