Elmar Məmmədyarov: "Vyana görüşü mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaradıb"

Elmar Məmmədyarov: "Vyana görüşü mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaradıb" "Status-kvonun dəyişdirilməsi və münaqişənin həllində inkişafa nail olmaq üçün işğal faktına son qoyulmalıdır"
Qarabağ
26 May , 2016 15:01
Elmar Məmmədyarov: Vyana görüşü mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaradıb

Bakı. 26 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Karol Kroftsu qəbul edib. 

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Karol Kroftsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Karol Krofts iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Enerji sahəsində əməkdaşlığın vacibliyi deyən tərəflər Azərbaycan ilə BP şirkətinin uzunmüddətli və etibarlı tərəfdaşlığının nümunəvi xarakter daşıdğını vurğulayıblar. Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əlaqələrin inkişafında mühüm rol oynadığı bildirilib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Vyana görüşünün mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaratdığını bildirib. O, Ermənistanın təhriki və təxtibatı ilə aprelin əvvəllərində baş vermiş gərginliyin mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bir daha sübut etdiyini diqqətə çatdırıb. Nazir status kvonun dəyişdirilməsi və münaqişənin həllində inkişafa nail olmaq üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi