Media nümayəndələri düşmən atəşi altında dərs keçilən məktəbi ziyarət ediblər - FOTO

Media nümayəndələri düşmən atəşi altında dərs keçilən məktəbi ziyarət ediblər - FOTO KİV nümayəndələri Ağdamın Qaradağlı kənd orta məktəbində olublar
Qarabağ
20 Fevral , 2015 12:56
Media nümayəndələri düşmən atəşi altında dərs keçilən məktəbi ziyarət ediblər - FOTO

Ağdam. 20 fevral. REPORT.AZ/ Təhsil Nazirliyinin Müdafiə Nazirliyi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə mediatur davam edir.

“Report” xəbər verir ki, mediaturun ikinci günü KİV nümayəndələri Ağdamın Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində olublar. Məktəbin direktoru Gülnurə Muradova bildirib ki, 323 şagirdi olan məktəbdə 49 müəllim çalışır. Ötən təhsil ilində məkəbdən məzun olan 11 şagirddən 3 nəfəri ali, 8 nəfər isə orta ixtisas təhsil müəssisələrinə daxil olub. Nazirlik rəsmiləri və media nümayəndələri açıq dərslərdə iştirak ediblər. Jurnalistlər məktəbdə müəllim və şagirdlərin əhvali-ruhiyyəsi və keçirilən dərslərin keyfiyyəti ilə maraqlanıblar. Məlumat verilib ki, gün ərzində ermənilər tərəfindən Qaradağlı kəndi mütəmadi olaraq atəşə məruz qalsa da, dərsin keyfiyyətində və davamiyyətdə ciddi nöqsanlar qeydə alınmır.

Məktəbin müəllimi Sübhan Məhərrəmov bu il Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahanda yüksək bal toplayaraq, təyinatla Qaradağlı orta məktəbinə göndərilib. S.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, könüllü olaraq Bakı şəhərindən cəbhə xəttində yerləşən Qaradağlı kənd orta məktəbinə gəlib və Tarix fənni üzrə dərs keçir.

Məktəbdə digər fənnlər kimi Hərbi çağırışa hazırlıq fənni də yüksək keyfiyyətdə tədris olunur. Məktəbin 17 nəfərdən ibarət "Şahin" Hərbi İdman komandası zona və Respublika yarışlarında yüksək nəticələr əldə edərək, 2 və 3-cü yerlərə layiq görülüb. Komanda nümayəndələr önündən hərbi marşla keçərək, hərbi nümunələr nümayiş etdiriblər.

Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşün keçirilməsi də nəzərdə tutulur. Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri də təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi