Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib Azərbaycan nümayəndəliyi: "Ermənistan sülh prosesinə zərbə vuraraq zorakılığın baş qaldırmasına səbəb olan təxribata əl atıb"
Qarabağ
15 Aprel , 2016 13:15
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində gərginliyin artması ATƏT-in Daimi Şurasının iclasında müzakirə edilib. "Report" xəbər verir ki, aprelin 14-də Vyanada keçirilən iclasda Azərbaycanın ATƏT yanındakı nümayəndəliyi bəyanatla çıxış edib.

Bəyanatda təəssüflə qeyd olunub ki, Ermənistan tərəfi ATƏT-dən öz məqsədləri, Azərbaycana qarşı saxta ittihamlar yaymaq üçün istifadə edir.

Qeyd olunub ki, Ermənistan sülh prosesinə zərbə vuraraq zorakılığın baş qaldırmasına səbəb olan təxribata əl atıb və bu, dinc sakinlərin də ölümü ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatların başlanmasına gətirib çıxarıb.

"Təxribata qarşı mübarizə və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri Komandanlığı effektiv əks-tədbirlər görüb", - bəyanatda qeyd olunub.

Azərbaycan nümayəndəliyi aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan baş qərargah rəisləri səviyyəsində atəşkəs rejiminin bərpası haqqında saziş əldə edilməsində yaxından yardım göstərmiş Rusiyanın vasitəçilik səylərini alqışlayıb.

Bəyanatda, həmçinin ATƏT-ə üzv ölkələrə və ATƏT-in Minsk qrupuna Ermənistanı atəşkəs rejiminə ciddi şəkildə riayət eləməyə inandırmaqla bağlı çağırış da yer alıb. "Hələ ki biz Ermənistan tərəfinin danışıqlarda konstruktiv iştirak etmək əvəzinə, öz qüvvələrini qruplaşdırmaq cəhdlərini görürük", - bəyanatda bildirilib.

"Ermənistan qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi zorakılıq hadisələrinin əsas mənbəyidir. Aprelin əvvəlində baş verən hadisələr sübut etdi ki, substantiv danışıqların olmaması və kövrək atəşkəs rejiminə ümid etmək yanlışdır", - Azərbaycanın ATƏT yanındakı nümayəndəliyi vurğulayıb.

Bəyanatda eyni zamanda Azərbaycanın münaqişəsinin siyasi həlli istiqamətində danışıqları davam etdirməyə hazır olduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi