Baş nazirin müavini: "Münaqişənin həlli üçün aparılan danışıqlarda irəliləyişlər var" - FOTO

Baş nazirin müavini: "Münaqişənin həlli üçün aparılan danışıqlarda irəliləyişlər var" - FOTO "Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil"
Qarabağ
28 May , 2016 12:41
Baş nazirin müavini: Münaqişənin həlli üçün aparılan danışıqlarda irəliləyişlər var - FOTO

Tərtər. 28 may. REPORT.AZ/ “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan diplomatik danışıqlarda irəliləyişlər müşahidə olunmaqdadır”. 

“Report”un Qarabağ bürosunun xəbərinə görə, bunu mayın 28-də cəbhə bölgəsində yerləşən Tərtər rayonuna səfər edən baş nazirin müavini Əli Əhmədov deyib. 

O bildirib ki, Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır: “Prezident İlham Əliyev bununla bağlı dövlətin, xalqın və şəxsən Prezident olaraq özünün mövqeyini dəfələrlə bəyan edib. Biz münaqişənin dinc yolla həll edilməsini, işğala son qoyulmasının qan tökülmədən olmasını istəyirik və buna tərəfdarıq. Amma bir şərtlə ki, Azərbaycanın işğal olunmuş torpaqları qeyd-şərtsiz işğaldan azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə həll olunmasa, təbii ki, problemi həll edən başlıca amil Azərbaycan Ordusu və bizim qəhrəman əsgərlərimiz olacaq”. 

Baş nazirin müavini vurğulayıb ki, xüsusilə aprel hadisələrindən sonra Azərbaycanın hər bir vətəndaşı Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə qadir olduğuna inanır və qəti əmindir: “Azərbaycan əsgəri bu qüdrətə və şücaətə malikdir. Hesab edirəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil”. 

Ə.Əhmədov qeyd edib ki, münaqişənin həllində ən başlıca amil xalqın əhval-ruhiyyəsi və Azərbaycanın qəhrəman əsgərlərinin şücaətidir: “Bunun sayəsində biz bu münaqişəni həll etməyə qadir olduğumuzu göstərməyə hazırıq. Bu gün cəbhə bölgəsini gəzərkən və burada hərbçilərimizlə söhbət edərkən bir daha əmin oldum ki, həqiqətən bizim əsgərlərimiz bu şücaəti göstərməyə hazırdırlar və Ali Baş Komandanın əmrini gözləyirlər”. 

Son xəbərlər

Orphus sistemi