Baş nazirin müavini: “Ermənistanın separatçı rejimi tanıması danışıqların sonu olardı”

Baş nazirin müavini: “Ermənistanın separatçı rejimi tanıması danışıqların sonu olardı” “Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə predmeti ola bilməz”
Qarabağ
6 May , 2016 15:49
Baş nazirin müavini: “Ermənistanın separatçı rejimi tanıması danışıqların sonu olardı”

Bakı. 6 may. REPORT.AZ/ “Belə hərəkətləri Ermənistan tərəfindən törədilən yeni təxribat kimi qiymətləndiririk. Hesab edirəm ki, Ermənistan belə bir addımı atmağa cürət etməz. Bu, beynəlxalq birlik və təşkilatların tövsiyə etdikləri danışıqlar prosesinin sona çatdırılması demək olardı”.

“Report”un xəbərinə görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Ermənistan parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıyacağı ilə bağlı açıqlamaları şərh edərkən deyib.

O bildirib ki, bu addımın atılması Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün özünün məqbul bildiyi bütün hərəkətləri etməsini səbəbləndirmiş olar: “Bütün hallarda bunu təxribat hesab edirəm. Güman edirəm ki, istər beynəlxalq, istərsə də regional güclər Ermənistanı bu addımından yan keçməsinə təsir edə bilib. Bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri belə bir qəraın qəbul olunmasının bütövlükdə problemin həll edilməsi kontekstində çətinliklər yaradacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlığın da təsiri olub. Digər tərəfdən, ABŞ-ın, beynəlxalq ictimaiyyətin burada əhəmiyyətli rolu olub”.

Ə.Əhmədov qeyd edib ki, bundan sonra da bu cür təxribatların olacağı gözləniləndir: “Bir şeyi qəti şəkildə deyirəm ki, Azərbaycan haqq işindən əl çəkməyəcək. Münaqişənin nizama salınması üçün danışıqlar prosesinə üstünlüyün verilməsi heç bir halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi niyyətinin alternativi kimi qəbul oluna bilməz. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, torpaqların azad edilməsi niyyətinin alternativi yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə predmeti ola bilməz”.

O bildirib ki, Azərbaycan xalqı, ordusu torpaqlarını işğaldan azad edilməsi iradəsini ortaya qoyub: “Bu, həmişə belə olacaq. Əgər Ermənistan tərəfi yenə də təxribata əl atacaqsa, bunun bir cavabı olacaq”.

Son xəbərlər

Orphus sistemi