Baqdasaryanı tutan azərbaycanlı: "Ona rusca "Dur!" deyən kimi yerə uzandı" - FOTO

Baqdasaryanı tutan azərbaycanlı: "Ona rusca "Dur!" deyən kimi yerə uzandı" - FOTO "Onların helikopteri vurulduğuna görə bizim döyüşçülərdən qisas almaq istəyirdilər"
Qarabağ
27 May , 2015 15:23
Baqdasaryanı tutan azərbaycanlı: Ona rusca Dur! deyən kimi yerə uzandı - FOTO

"Onların helikopteri vurulduğuna görə bizim döyüşçülərdən qisas almaq istəyirdilər"

Bakı. 27 may. REPORT.AZ/ Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçi əsir götürmüş azərbaycanlı hərbçilər hadisənin necə baş verməsi haqqında danışıb. 

"Report"un Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Baqdasaryanı Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - Ş.V. və F.Ə. tutub. Zabit Ş.V. hadisəni belə nəql edib: "Hər gün olduğu kimi, yenə postları yoxlamağa gedirdim. Dekabrın 26-sı idi, ətrafa sakitlik çökmüşdü. Əvvəlcə gedib sol tərəfdəki postları yoxladım. Hər şey qaydasında idi, fövqəladə bir şey hiss olunmurdu. Döyüşçülərimiz postlarda ayıq-sayıq dayanmışdılar, düşmən mövqelərinin müşahidəsini aparırdılar. Onların vəziyyəti ilə maraqlandım, yenə ayıq-sayıq olmağı, düşməni nəzərdən qoymamağı tapşırdım".

O, sonrakı postu yoxlayır, döyüşçüləri həmişəki kimi diqqətli olmağa çağırır. Tağım komandiri zabit F.Ə.-yə tapşırığını verir. Bu zaman qəflətən döyüş növbəsi aparan əsgər P.Ş-nin həyəcanlı səsi eşidilir.

Yuxarı komandanlığa tez məlumat verən zabit Ş.V. dərhal silahını götürüb zabit F.Ə. ilə birlikdə irəli cumur. Onların arxasınca bölmənin döyüşçüləri qaçırlar. Ş.V. hadisənin davamını danışır: "Gördüm ki, mülki geyimli bir nəfər qaçmaq istəyir. Həmin istiqamətdə bizim hava hücumundan müdafiəçilər erməni helikopterini vurub salmışdılar. "Dur!" - dərhal ona uca səslə komanda verdim. O, elə bil, özünü itirdi, ermənicə nəsə dedi, anlamadım. Eyni komandanı rusca təkrar etdim. Erməni dərhal uzandı yerə və əllərini araladı. Yaxınlaşıb əllərini arxadan bağladım, onun üzərinə baxış keçirdim. Əyninə kurtka, cins şalvar, ayaqqabı geyinmişdi. Üzərində mobil telefon, ehtiyat telefon batareyası və bir də itiuclu bıçaq tapdım. İdman papağı vardı, onu boğazınacan keçirdim və posta gətirdik. Yuxarı komandanlığa erməni təxribatçısını ələ keçirməyimiz barədə məruzə elədim".

Sorğu-sual zamanı erməni hərbçisi əvvəlcə yalan danışmağa başlayıb. Deyib ki, guya çobandı, adı da Vazgen Qriqoryandı, səhvən azıb gəlib buraya.

Qısa zamanda yuxarı komandanlıqdan da hadisə yerinə gəlir, ermənini götürüb gedirlər. komandir hadisə yerini ciddi yoxlamağı, mina baxışı keçirməyi zabit Ş.V.-ya tapşırır.

"İstehkamçılarla oranı yoxlayarkən bir-birindən iki metr aralı üç piyada əleyhinə mina basdırıldığını aşkar elədik. Yaxşı ki, hadisə zamanı heç kim həmin minalara düşməmişdi. Görünür, helikopter vurulduğuna görə bizim döyüşçülərdən qisas almaq istəyirdilər", - zabit F.Ə. söhbətə qoşulur.

Sonradan keçirilən məhkəməyə hərbi qulluqçular Ş.V. və F.Ə. də çağırılıb. İstintaq zamanı erməni diversant hər şeyi öz boynuna alıb. Baqdasaryan etiraf etmişdi ki, doğurdan da, iki nəfərlə birlikdə təxribat məqsədilə bizim mövqelərə keçiblərmiş. Minaları da onlar basdırıblarmış. Digər iki erməni əsgər isə hadisə yerindən qaçmağa müyəssər olublar.

Hərbi hissə komandiri göstərdikləri şücaətə və düşmən diversantını ələ keçirdiklərinə görə zabit Ş.V.-nı və F.Ə.-ni fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıb. 

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin sonunda A.Baqdasaryana 15 il həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi