Azərbaycanda jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası qaydaları təsdiqlənəcək

Azərbaycanda jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası qaydaları təsdiqlənəcək “Dövlət sirri haqqında” qanuna dəyişiklik edilir
Qarabağ
25 Sentyabr , 2014 09:47
Azərbaycanda jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası qaydaları təsdiqlənəcək
Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik edilir.

“Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamında qeyd olunub.

Sərəncamla Nazirlər Kabinetinə “Hərbi vəziyyət haqqında” qanunun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə “Dövlət sirri haqqında” qanuna uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsinə dair təkliflərini prezidentə təqdim etmək də tapşırılıb.

Nazirlər Kabineti həmçinin, jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını da dövlət başçısı ilə razılaşdırmaqla təsdiq edəcək.

Sərəncamla Azərbaycan Prezident Administrasiyasına (PA) isə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil etmək tapşırılıb.

PA həmçinin mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə həmin orqanların mətbuat xidmətləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraitinə dair məlumatların yayılması üçün internet informasiya ehtiyatlarının, o cümlədən sosial şəbəkələrin imkanlarından daha səmərəli istifadə edilməsini, bu məqsədlə mətbuat xidmətlərinin işçiləri üçün müvafiq təkmilləşdirmə kurslarının təşkilini təmin edəcək.

Sərəncamda Müdafiə Nazirliyinə cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görmək tapşırılıb. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etmək və “Dövlət sirri haqqında” qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etmək öhdəliyi də qoyulub.

Azərbaycan Mətbuat Şurasına isə tövsiyə olunub ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin.

Son xəbərlər

Orphus sistemi