Romada “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda konfrans keçirilib

Romada “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda konfrans keçirilib Məruzəçilərin çıxışlarının italyan dilində kitab şəklində çap olunması barədə qərar qəbul edilib
Qarabağ
24 Fevral , 2015 11:39
Romada “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda konfrans keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Classis Project” təşkilatının təşkilatçılığı ilə Romanın Tor Verqata Universitetində “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda konfrans keçirilib. Bu barədə “Report”a Şuranın mətbuat xidmətindən məlumat verilib.

Universitetin Humanitar elmlər fakültəsinin dekanı Franko Salvatore konfransı açaraq son illər İtaliyada Azərbaycan ilə bağlı müxtəlif mövzularda layihələrin həyata keçirilməsinin ölkəmizi daha yaxından tanımağa imkan yaratdığını və iki dövlət arasında əlaqələrin inkişafına yol açdığını bildirib.

Şura sədri, millət vəkili Azay Quliyev tədbirin Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq baxımından önəmini vurğulayaraq bu cür layihələrin ölkələr arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyə xidmət etdiyini deyib.

Azərbaycanın 24 illik müstəqillik dövründəki inkişaf tarixindən danışan Azay Quliyev ölkənin Cənubi Qafqaz regionunda çox vacib rol oynadığını bildirib. Şura sədri əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlər və milli köklərə malik xalqların əsrlər boyu vahid ailə kimi yaşadığı multikultural cəmiyyətin mövcud olduğunu vurğulayıb.

Azay Quliyev Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri haqqında da fikirlərini bildirib: “Bildiyiniz kimi, Azərbaycan siyasi, iqtisadi eləcə də digər mühüm sahələrdə Aİ ilə yaxın və yaxşı qonşuluq əlaqələrinə malikdir. Ölkəmiz ilə Aİ arasında imzalanmış çoxsaylı sənədlər Azərbaycanın mövcud ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir. Xüsusilə İtaliya ilə güclü siyasi, iqtisadi və mədəni əlaqələrimiz var. Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Şura sədri bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Azərbaycan hökuməti münaqişənin ağır nəticələrini yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də onların ən böyük arzusu doğma yurd-yuvalarına qayıtmaqdır: “Xatırlatmaq istərdim ki, 2005-ci ildə İtaliya hökuməti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar yardımın göstərilməsi yüksək dəyərləndirilir”.

Şura sədri Azay Quliyev bildirib ki, bu günlərdə Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilən qətliam zamanı 613 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 487 nəfər ağır şəkildə yaralanıb və çoxlu sayda həmvətənimiz itkin düşüb. Çox təəssüf ki, bu soyqırımı törədən şəxslər əməllərinə görə nəinki qanun qarşısında layiq olduqları cəzanı almayıb və əksinə Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar: ”Sizdən Xocalıya ədalətin bərpa olunmasında bizə dəstək göstərməyinizi xahiş edirik. Xocalı hadisələrinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması istiqamətindəki səylər bu baxımdan önəmli nəticələr verə bilər”.

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə getdikcə inkişaf etdiyini deyib. A. Kərimli bildirib ki, dinlərarası toqquşmaların artdığı müasir dövrdə önəmli dəyərlərdən biri də multikulturalizmdir. Azərbaycan və İtaliya QHT-lərinin birgə reallaşdırdıqları tədbirlər mutikulturalizmin dünyada alternativi olmadığını bir daha nümayiş etdirir. Bu baxımdan model ölkə sayılan Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Sonra Şuranın dəstəyi ilə yaradılmış “Sirli Azərbaycan” web-portalının təqdimatı keçirilib. Portal ilə bağlı məlumat verən İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqrande italyan dilində Azərbaycanla bağlı bu cür saytın yaradılmasını yüksək qiymətləndirdiyini və onun italiyalıların ölkəmiz haqqında müfəssəl məlumat əldə etmələri üçün əvəzsiz vasitə olacağını qeyd edib. Xanım Paola Kasaqrande gələcəkdə portalın digər Avropa dillərində də fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu bildirib.

Tədbirdə çıxış edən universitetin professoru Covanni Miele medianın Azərbaycanla bağlı həqiqətləri yaymaq və onun təbliği istiqamətində effektiv bir alət olduğunu deyib. O, qeyd edib ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı, füsunkar təbiəti, mədəniyyəti, adət-ənənələri beynəlxalq medianın diqqət mərkəzindədir. Təqdim olunan portal və digər bu kimi vasitələr ölkələrimiz arasındakı əlaqələrin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra tədbir “Azərbaycan ilə tanışlıq” mövzusunda sessiya ilə davam etdirilib.

Konfransda xanım Paolo Kasaqrande Azərbaycanın coğrafiyası, əhalisi, mədəniyyəti, adət-ənənələri və siyasi sistemi ilə bağlı təqdimatla çıxış edib. O, Azərbaycan folkloru, aşıq sənəti, ədəbiyyatı, muğamı, xalçaları və bir çox digər mədəni zənginliklərini ölkəmizin bəşəriyyətə bəxş etdiyi töhfələr olduğunu vurğulayıb.

Növbəti panel iclasda çıxış edən İtaliyadakı Azərbaycan Tədqiqatları Mərkəzinin rəhbəri Fernando Orlandi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəqəmsal arxivini təqdim edib. O bildirib ki, arxivdə 1988-ci ildən 2014-cü ilədək münaqişə ilə bağlı minlərlə məqalə və materiallar toplanıb.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev çıxışında Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı tarixi faktlara, münaqişənin yaranma səbəbləri və nəticələrinə toxunub. Doğulub böyüdüyü Ağdam şəhərinin hazırda işğal altında olduğunu deyən Bəxtiyar Əliyev qeyd edib ki, konflikt 1988-ci ildə deyil, 1987-ci ildə azərbaycanlıların Ermənistanın Qafan rayonundan qovulmasından sonra başlayıb.

Millət vəkili BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul etdiyini, lakin onlara hələ də əməl olunmadığını bildirib. Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları həcmində ziyan vurub.

Konfransda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Umberto Qriscioli “Tarix – ilk yaşayış məskənlərindən sovet dönəminədək” və “Multikulturalizm və dini birgəyaşayış dəyərləri”, Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçısı Matteo Verda “Müasir Azərbaycanın iqtisadi inkişafı” mövzularında məruzə ilə çıxış ediblər.

Konfransın sonunda “Azərbaycan: dini tolerantlıq modeli” sənədli filmi nümayiş etdirilib və məruzəçilərin çıxışlarının italyan dilində kitab şəklində çap olunması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi