​Azərbaycanda "qara siyahı"ya salınan rusiyalı iş adamı Qarabağa səfərinə aydınlıq gətirib

​Azərbaycanda "qara siyahı"ya salınan rusiyalı iş adamı Qarabağa səfərinə aydınlıq gətirib "Məni və ailəmi yox etmək istəyirlər"
Qarabağ
12 İyul , 2015 10:04
​Azərbaycanda qara siyahıya salınan rusiyalı iş adamı Qarabağa səfərinə aydınlıq gətirib

Bakı. 12 İyul. REPORT.AZ/ Azərbaycanda "qara siyahı"ya salınan rusiyalı iş adamı German Sterliqov Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa köçmək barədə qərarının səbəblərini açıqlayıb.

"Report" xəbər verir ki, o "Komsomolskaya pravda" nəşrinə müsahibəsində ailəsi üçün dəfələrlə təhlükənin yarandığını bildirib.

"Bunlar sifarişlə görülən işlərdir. Məni və ailəmi yox etmək istəyirlər. Ona görə mən bəxtimi sınamaq istəmədim və bura çıxıb gəldim", — deyə Sterliqov bildirib.

Sterliqovun sözlərinə görə, o, əvvəlcə Ukraynanın hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə yollanmaq istəsə də, sonradan oranı xoşlamadığını diqqətə çatdırıb.

Sonda işğal altında olan Şuşa şəhərinin 27 km-dəki Şırlan kəndi ərazisində qərar tutmalı olan iş adamı Qarabağdakı gələcək biznes planlarından da danışıb:

"Qarabağ Rusiya şəhərləri üçün həm də təmiz və ucuz məhsul mənbəyidir. Burada o qədər cürbəcür meyvə və tərəvəzlər var ki, onları emal edib Rusiyaya aparmaq lazımdır. Burada elə təmiz və faydalı şirələr, kampotlar, şərablar istehsal etmək olar ki, Moskva bunların dadına baxsa, orada satılan kimyəvi məhsullardan imtina edəcək".

Azərbaycanın Xarici İşlər Nazirliyi biznesmen German Sterliqovun adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

XİN-in bəyanatında bildirilir ki, ziddiyyətli bioqrafiyası olan German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirklu pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu, yəqin ki bilməmiş deyildi: "Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşada “insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. “İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən bir milyondan artıq azərbaycanlının faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır. Onun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə təxribatçı açıqlaması bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz “özünü reklam” cəhdindən başqa bir şey deyildir".

Son xəbərlər

Orphus sistemi