Fransanın üç deputatı Azərbaycanda "arzuedilməz şəxslər" siyahısına daxil ediləcək

Fransanın üç deputatı Azərbaycanda "arzuedilməz şəxslər" siyahısına daxil ediləcək XİN: Bu kimi destruktiv fəaliyyətlərinə görə bu şəxslər ilk növbədə öz seçiciləri qarşısında məsuliyyət daşıyırlar
Qarabağ
4 Fevral , 2015 17:37
Fransanın üç deputatı Azərbaycanda arzuedilməz şəxslər siyahısına daxil ediləcək

Bakı. 4 fevral. REPORT.AZ/ "Fransa parlamentinin üzvü Jan Mark Jermen və onu müşayiət edən senatorlar Alen Neri və Jan Bizenin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimlə təmasları Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və qanlı etnik təmizləmənin təşviq olunmasına xidmət göstərir". Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

"Onların Ermənistanın təcavüzünün və qondarma rejimin təşviqinə yönələn bu fəaliyyəti münaqişənin həllinə mane olur, təfriqəçilik mahiyyəti daşıyır, öz döğma torpaqlarından qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur. Bu kimi destruktiv fəaliyyətlərinə görə həmin şəxslər ilk növbədə öz seçiciləri qarşısında məsuliyyət daşıyırlar", - o bildirib.

"Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətinə və Fransanın münaqişə ilə əlaqədar rəsmi mövqeyinə zidd hərəkət edən bu şəxslər erməni diaspora dairələrinin təsiri altında uğursuz şəkildə möhkəm əsaslara malik olan Azərbaycan-Fransa əlaqələrinə xələl gətirmək məqsədini güdürlər", - H.Hacıyev əlavə edib

Onun sözlərinə görə, Azərbaycan Respublikasının razılığı olmadan müvəqqəti işğal altında olan Azərbaycan ərazisinə səfərlər qeyri-qanuni xarakter daşıyır və ölkənin "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır: "Müvafiq dəqiqləşdirmə apardıqdan sonra bu şəxslərin adları "arzuedilməz şəxslər" siyahısına daxil ediləcək".

Qeyd edək, erməni KİV-in məlumatına görə, Fransa parlamentinin üzvü Jan Mark Jermen 2014-cü ilin sentyabr ayında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və səfərin yekununa dair kitab yazıb.

Son xəbərlər

Orphus sistemi