"Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimatı keçirilib - FOTO

"Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimatı keçirilib - FOTO Mayıl Əhmədov: "Çalışırıq ki, dünya olan haqsızlıqları unutmasın"
Qarabağ
19 Fevral , 2016 12:25
Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları kitabının təqdimatı keçirilib - FOTO

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Prezidentinin İşlər İdarəsinin Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimatı keçirilib.

"Report"un xəbərinə görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, son iki yüz il ərzində Azərbaycan xalqı dəfələrlə deportasiyalara, soyqırımlara və repressiyalara məruz qoyulub: "Lakin xalqımızın başına gətirilən faciələrin miqyasını araşdırmaq və onu dünya ictimaiyyətinə çatdırmaq yalnız dövlət müstəqilliyini bərpa etdikdən sonra mümkün olub. Bu gün də Azərbaycan reallıqlarını dünyaya çatdırmaq üçün böyük işlər görülür və çalışırıq ki, dünya olan haqsızlıqları unutmasın".

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, 1918-ci il soyqırımları tarixinin araşdırılması AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun prioritet tədqiqat istiqamətlərindən biridir: "AMEA-nın Rəyasət Heyətində azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası yaradılıb və Akademiya sistemindəki institutlara konkret tapşırıqlar verilib. Tarix İnstitutunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Son illərdə İnstitutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları özündə əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətirib. Həmin sənədlər əvvəlcə toplular şəklində çap edilib, sonra isə elmi-tədqiqat dövriyyəsinə cəlb edilərək ayrı-ayrı regionlar üzrə əsərlər yazılıb və nəşr edilib".

Yaqub Mahmudov bildirir ki, bu gün təqdimatı keçirilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabı Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir: "Əsərin yazılmasında arxiv materialları ilə yanaşı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılan Memorial Soyqırımı Muzeyində saxlanılan foto-sənədlərdən də istifadə edilib. Kitab hazırda ancaq Azərbaycan dilində nəşr olunub. Gələcəkdə rus və ingilis, həmçinin digər dillərdə nəşr olunması planlaşdırılır".

Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev çıxışında təqdimatı keçirilən kitabın əhəmiyyətindən söz açıb, soyqırım anlayışının hüquqi-siyasi məzmunundan, müvafiq konvensiyalardan, Azərbaycan xalqına qarşı ayrı-ayrı tarixi dövrlərdə həyata keçirilən soyqırımı cinayətlərindən, terror aktlarından, Dağlıq Qarabağdakı terrorçu-separatçı cinayətkarların antiazərbaycan fəaliyyətindən geniş bəhs etib, bu istiqamətdə bir sıra faktları xronoloji ardıcıllıqla təqdimat iştirakçılarının diqqətinə çatdırıb. 

Xanlar Vəliyev bu istiqamətdə Tarix İnstitutu ilə birgə layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi