Bakı. 23 iyul. REPORT.AZ/
Bəyanatda bildirilir ki, həmsədrlər prezidentlərlə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasına dair danışıqların inkişafı barədə cari təklifləri müzakirə ediblər. Onlar dövlət başçılarının bu il ərzində görüşə hazır olmalarını alqışlayıb və prezidentlərin gözlənilən görüşünün gündəliyinin həmsədrlərlə birgə hazırlanmasına dair hər iki ölkənin xarici işlər nazirlərini təlimatlandırıblar.
"Biz həmçinin son bir neçə ay ərzində Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xətti boyu nisbi sakitlik dövrünü alqışladıq", - bəyanatda deyilir.
Həmsədrlər həmçinin bir müddət əvvəl gərginliyin artmasından narahat olduqlarını bildirərək, prezidentləri zorakılıqdan çəkinməyə və atəşkəs rejiminə ciddi əməl etmək üçün addımlar atmağa çağırıblar.
"Prezidentlər bir daha Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşənlər haqqında məlumatların qarşılıqlı mübadiləsini davam etdirəcəklərini bəyan ediblər", - həmsədrlərin bəyanatında vurğulanır.