Bakı. 31 may. REPORT.AZ/ Bu gün Gəncədə "İnsan Hüquqları aylığı" çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar əlilliyi olan uşaq və yeniyetmələrin valideynləri üçün seminar keçirilib.
"Report"un verdiyi xəbərə görə, tədbirdə iştirakçılara gənclərin, qadınların, uşaqların, əlillərin, sahibkarların hüquqlarının qorunması sahəsində qanunvericilik, mövcud standartlar və beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə məlumat verilib.
Seminarda həmçinin iştirakçılara İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
Tədbir İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də “Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, 18 maydan başlayaraq bir ay müddətində ölkədə "İnsan Hüquqları aylığı" keçirilir.