Çilov adasında Milli Qəhrəman anılıb

Çilov adasında Milli Qəhrəman anılıb Tədbirdə “Azneft” İB-nin “28 May” NQÇİ rəhbərliyi, adada fəaliyyət göstərən təşkilatların nümayəndələri və ada sakinləri iştirak ediblər
Cəmiyyət
19 Aprel , 2016 16:40
Çilov adasında Milli Qəhrəman anılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Çilov adasında şəhid, Azərbaycanın Milli Qəhrəmanı Rasim Səxavət oğlu İbrahimovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

"Azneft" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, Milli Qəhrəmanın adını daşıyan parkda təşkil olunmuş tədbirdə “Azneft” İB-nin “28 May” NQÇİ rəhbərliyi, əmək kollektivi, adada fəaliyyət göstərən təşkilatların nümayəndələri və ada sakinləri iştirak ediblər.

Tədbir Milli Qəhrəmanın büstü önünə güllər qoyulmaqla başlayıb.Tədbiri giriş sözü ilə açan “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev öncə aprel ayının əvvəlləri cəbhə bölgəsində baş vermiş döyüşlər zamanı Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıqlardan və uğurlardan danışıb və bu hadisələr zamanı şəhid olmuş əsgərlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Sonra R.Qarayev Milli Qəhrəman R.İbrahimovun keçdiyi həyat yolundan və Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü zamanı döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqlardan geniş bəhs edərək, cəbhədə vuruşan əsgərlər arasında qəhrəmanlıq örnəyi olmasının onu xalqın yaddaşlarında daim yaşadacağını vurğulayıb.

Daha sonra tədbirdə adada fəaliyyət göstərən məktəbin şagirdlərinin ifasında qəhrəmanlıq mövzusunda müxtəlif kompozisiyalar nümayiş etdirilib və vətənpərvəlik mövzusunda şeirlər söylənilib.

Xatırladaq ki, R.İbrahimov 18 aprel 1962-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Çilov adasında neftçi ailəsində anadan olub. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İbrahimov 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İbrahimov, 1992-ci il 28 iyun Füzuli rayonunun Tuğ kəndi uğrunda girdiyi döyüşdə onlarla ermənini məhv edib. R.İbrahimov bu döyüşdə döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!", - deyərək özünü qumbara ilə partladır.

Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Rasim Səxavət oğlu İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi