Azərbaycanda dövlət qulluğuna qəbulun test imtahanları sabahdan başlayır

Azərbaycanda dövlət qulluğuna qəbulun test imtahanları sabahdan başlayır Namizədlərin çoxu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyini seçib
Cəmiyyət
12 Noyabr , 2014 10:18
Azərbaycanda dövlət qulluğuna qəbulun test imtahanları sabahdan başlayır

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 340 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqədə 2636 namizəd qeydiyyatdan keçib. Komissiyadan "Report"a verilən məlumata görə, ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (878 namizəd) və Mədəniyyət və Turizm Nazirliyi (394 namizəd) üzrə olub.

Müsabiqənin test imtahanı mərhələsi sabahdan - noyabrın 13-dən etibarən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Mədəniyyət və Turizm Nazirliyi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin V təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin VI-VII təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında tanış ola bilərlər.

Son xəbərlər

Orphus sistemi