Xəzər Avropa Klubu: Azərbaycana biznes vizalarının alınmasında problemlər var

Xəzər Avropa Klubu: Azərbaycana biznes vizalarının alınmasında problemlər var Klubun komitə sədri manatın növbəti devalvasiyasının gözlənilmədiyini açıqlayıb
Biznes
27 Aprel , 2016 12:15
Xəzər Avropa Klubu: Azərbaycana biznes vizalarının alınmasında problemlər var

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanda təkrar investisiya qoyuluşları üçün tətbiq edilən verginin ləğv olunması təklif edilir. "Report" xəbər verir ki, Xəzər Avropa Klubu (Caspian European Club, CEİBC) İdarə Heyətinin üzvü, Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli Klub tərəfindən Prezident İlham Əliyevə iqtisadiyyatın bir sıra sahələrində islahatların aparılması ilə bağlı göndərilən təkliflər haqqında danışarkən deyib: "Şirkət gəlir əldə edir və onu təkrar investisiya kimi yatırırsa, pul şirkət daxilində qalır və ya başqa sahəyə reinvestisiya olunursa, bu proses iqtisadiyyatın real sektorunun inkişafına kömək edəcək".

M.Abbasbəyli, həmçinin Azərbaycana səfər etmək üçün biznes vizalarının alınmasında problemlərin mövcudluğunu və bunun tezliklə aradan qaldırılmasının vacib olduğunu açıqlayıb: “Azərbaycana gəlmək üçün biznes vizasının alınmasında müəyyən problemlər müşahidə olunur. Odur ki, nəinki biznes vizalarının, hətta turizmin inkişafının vacibliyini nəzərə alaraq turizm vizalarının verilməsi prosesinin sadələşdirilməsini təklif edirik”.

Komitə sədri manatın növbəti devalvasiyasının gözlənilmədiyini də açıqlayıb: “Hazırda kənd təsərrüfatı və turizm sahələrində böyük potensial görürük. Hər iki sahənin potensialını yüksək qiymətləndiririk. Fikrimcə, dövlət də əsas diqqəti məhz bu iki sahəyə yönəldib. Kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı Prezidentin imzaladığı yeni fərman bunun əyani sübutudur. Hesab edirik ki, sözügedən fərman Azərbaycanda kənd təsərrüfatının inkişafına güclü təsir göstərəcək. Bundan əlavə, kənd təsərrüfatı və turizmlə yanaşı, nəqliyyat sahəsində də böyük potensial müşahidə olunur. Azərbaycan bu gün qonşu dövlətlər üçün tranzit zonaya çevrilir. Əlverişli coğrafi mövqedə yerləşməsi Azərbaycana regional nəqliyyat qovşağına çevrilmək imkanı qazandırır. Bu isə öz növbəsində büdcə gəlirlərinin artımasına və iqtisadiyyatın digər sahələrinin inkişafı üçün yeni imkanların yaranmasına səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi