​Vergilər Nazirliyi bölgələrdə sahibkarların 23 min manatlıq əmlakını siyahıya alıb

​Vergilər Nazirliyi bölgələrdə sahibkarların 23 min manatlıq əmlakını siyahıya alıb Buna 12 min manatlıq vergi borcunun yaranması səbəb olub
Biznes
1 Oktyabr , 2014 13:53
​Vergilər Nazirliyi bölgələrdə sahibkarların 23 min manatlıq əmlakını siyahıya alıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti və 14 saylı Ərazi Vergilər İdarəsinin vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən həmin idarələrin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən borclu vergi ödəyicilərində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və ümumilikdə 22,915 min manat dəyərində əmlak siyahıya alınıb. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik şöbəsindən məlumat verilib.

Belə ki, 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində yerləşən, fiziki şəxs Şərqiyyə Mustafa qızı Qocayevaya məxsus “Arzu” mebel mağazasının fəaliyyəti araşdırılarkən, onun 4 247 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 5000 manat dəyərində mebel və avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Gəncə şəhəri, Nizami küçəsi, ev 2A ünvanda yerləşən, fiziki şəxs Şahin Ramiz oğlu Məmmədova məxsus elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 1 044 manat vergi borcu müqabilində 540 manat məbləğində əmlak siyahıya alınıb. Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 420A ünvanda yerləşən, fiziki şəxs Kamil Oqtay oğlu Mahmudova məxsus ərzaq mağazasında da əmlakın siyahıya alınması zamanı vergi ödəyicisinin 1 074 manat məbləğində borcunun təmin edilməsi məqsədilə obyektdəki 1 100 manat dəyərində ərzaq məhsulları müvafiq qaydada siyahıya alınıb.

Goranboy rayonu, Boluslu kəndi, Goran 4 yol ünvanda yerləşən, fiziki şəxs Kamran Xaliqverdi oğlu Qədimova məxsus mağazada əmlakın siyahıya alınması tədbirləri keçirilib, vergi ödəyicisinin 2 727 manat məbləğində olan vergi borcunun ödənilməsi məqsədilə onun 2 900 manat dəyərində olan əmlakı müvafiq qaydada siyahıya alınıb.

14 saylı Ərazi Vergi İdarəsinin əhatə dairəsinə daxil olan Tovuz rayonu, M.F.Axundov küçəsi,4 ünvanda yerləşən, fiziki şəxs İsrafil Çapay oğlu Əliyevə məxsus yeməkxanada əmlakın siyahıya alınması tədbirləri həyata keçirilən zaman, fiziki şəxsin 1 596 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun 12 000  manat dəyərində olan obyekti müvafiq qaydada siyahıya alınıb.

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən, fiziki şəxs Zülfüqar Qəzənfər oğlu Hüseynova məxsus tikinti materialları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, vergi ödəyicisinin 1 367 manat məbləğində vergi borcu müqabilində 1 375 manatlıq təmir-tikinti malları siyahıya alınıb.

Son xəbərlər

Orphus sistemi