Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində vergi orqanlarına 6 682 müraciət daxil olub. ”Report”un Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, onlardan 95,8%-i ərizə, 4,0%-i şikayət, 0,2%-i təklifdir.
Müraciətlərin 39,7%-i müxtəlif arayışların alınması, 28,2%-i kameral vergi yoxlamaları, 7,2%-i vergi borcları, 1,9%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,8%-i səyyar vergi yoxlamaları, 1,0%-i qəbulla bağlı, 0,9%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,5%-i işlə təmin edilməklə bağlı, 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i korrupsiya hüquqpozmaları, 17,7%-i digər məsələlərlə bağlıdır.
Nazirliyin açıqlamasına görə, bütün müraciətlərə vaxtında baxılıb, onların 63,3%-i müsbət həll olunub.
Daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,6% azalıb.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 396 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.