Vergilər Nazirliyində aparılan struktur islahatları müzakirə olunub

Vergilər Nazirliyində aparılan struktur islahatları müzakirə olunub Nazir nəzarət sistemi və informasiya təhlükəsizliyi sahəsində profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib
Biznes
8 Fevral , 2016 13:19
Vergilər Nazirliyində aparılan struktur islahatları müzakirə olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Vergilər Nazirliyində dövlət başçısının son fərmanlarının icrasının təmin olunması və vergi sistemində struktur dəyişikliklərinin aparılmasına həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, ölkə başçısının müəyyənləşdirdiyi yeni iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edir.

Qeyd olunub ki, ölkədə sahibkarlığa dəstək məqsədilə atılan addımların davamı olaraq biznes fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Prezident yanında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları, biznes mühitində şəffaflığın təmin edilməsi, maliyyə-bank sisteminin inkişafının təmin olunması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.

F.Məmmədov Vergilər Nazirliyində yaradılmış Vergi Apellyasiya Şurasının fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edərək bildirib ki, bundan sonra sahibkarlar yerli və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldıqları təqdirdə Prezident yanında Apellyasiya Şurasına müraciət edə biləcəklər ki, bu da mərkəzi icra hakimiyyətindəki müvafiq instansiyaların sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyətini bir qədər də artırmalıdır.

Vurğulanıb ki, sahibkarların hüquqlarının qorunması imkanlarını daha da genişləndirən bu islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı məsələlərə toxunan nazir qeyd edib ki, sözügedən qurum Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsinə, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsinə xidmət edəcək.

Daha sonra vergilər naziri mövcud vergi potensialının büdcəyə tam həcmdə cəlb olunması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığında çevikliyə nail olunması məqsədilə Nazirliyin bir sıra struktur vahidlərində kadr və struktur dəyişikliyinin aparıldığıını qeyd edib. Nazirin müvafiq əmri ilə Vergilər Nazirliyinin aparatında Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni Baş İdarə, həmçinin Beynəlxalq münasibətlər İdarəsi və Maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsi yaradılıb, bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.

F.Məmmədov Vergilər Nazirliyi Vergi Apellyasiya Şurasının əsasnaməsinin Prezident yanında Apellyasiya Şurasının əsasnaməsinə uyğunlaşdırılması, nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Kollegiya iclasında Vergilər Nazirliyi qarşısında duran digər vəzifələr də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi