​Tehran və Təbrizdə İran-Azərbaycan biznes forumları keçirilib

​Tehran və Təbrizdə İran-Azərbaycan biznes forumları keçirilib Tehran forumu çərçivəsində iki şirkət arasında əməkdaşlığa dair memorandum imzalanıb
Biznes
22 Dekabr , 2015 14:04
​Tehran və Təbrizdə İran-Azərbaycan biznes forumları keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İrana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə Tehranda İran-Azərbaycan biznes forumu keçirilib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 350-dən çox iş adamı iştirak edib.

Forumda çıxış edən Ş.Mustafayev bildirib ki, Azərbaycan-İran arasında iqtisadi əlaqələrinin genişlənməsi baxımından işgüzar dairələr arasında əməkdaşlıq vacibdir. Nazir qeyd edib ki, biznes forumda Azərbaycan nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı təmsil olunur: “Yeni əməkdaşlığın qurulması baxımından biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Tehranda keçirilən biznes forum iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək. İran yüklərinin Azərbaycan üzərindən digər ölkələrə daşınması üçün ölkəmiz geniş tranzit imkanlarına malikdir. Hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində iş aparılır. Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əhəmiyyətli olacaq”.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi isə çıxışında İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. İqtisadiyyatın müxtəlif sahələrində, eləcə də iş adamları arasında İran regionları ilə əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşu imkanları genişdir”.

Tədbirdə İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Mohsen Calalpur “İş adamları arasında əlaqələrin genişləndirilməsi”, Azpromo-nun rəhbəri Rüfət Məmmədov “Azərbaycanın biznes mühiti və investisiya imkanları”, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin müdir müavini Zaur Məmmədov “Sənaye parkının fəaliyyətinə və iş adamları üçün yaradılmış əlverişli imkanlar”, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın baş direktorunun müavini Samir Qasımov isə təmsil etdiyi şirkətin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Forum çərçivəsində Azərbaycanın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” və İranın “Abad Rahan Pars İnternational” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə başa çatıb.

Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində bu gün Təbriz şəhərində növbəti İran-Azərbaycan biznes forumu keçirilib.

Son xəbərlər

Orphus sistemi