Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2002-2014-cü illər ərzində 3 040 gənc sahibkara ümumilikdə 278,4 mln. manat həcmində güzәştli kreditlәr verilib. “Report”un məlumatına görə, Xaçmazda keçirilmiş tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.
S.Məmmədov 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçdiyini açıqlayıb. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayının artımı müşahidə olunur.
Quba-Xaçmaz regionunda yaradılan biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanacaq. Biznes inkubatorun fəaliyyəti üçün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv. metrə yaxın sahə ayrılıb.
Tədbir iştirakçıları həmçinin, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş ixracyönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə Quba-Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanılması sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkətin 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilib.
Xatırladaq ki, tədbirə İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri, eləcə də biznes inkubatorun iştirakçıları qatılıb.