​SKMF Tərtərdə sahibkarlar üşün forum keçirib

​SKMF Tərtərdə sahibkarlar üşün forum keçirib Rayonda pambıqçılığın inkişafı təşviq olunur
Biznes
29 Aprel , 2016 16:39
​SKMF Tərtərdə sahibkarlar üşün forum keçirib

Bakı. 29 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində bu gün Tərtər rayonunda növbəti tədbir keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilib, Tərtərdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forumda 120-ə yaxın sahibkar iştirak edib. Tərtər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının, 3 ulduz otelin və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 577 sahibkara 45,5 mln. manat həcmində güzəştli kreditlər verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 950-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bugünədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 115 investisiya layihəsinin maliyyələşdirilməsinə 29,3 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzləri, iri fermer təsərrüfatları, quşçuluq fabriki, cins heyvandarlıq kompleksləri, üzümçülük təsərrüfatları və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 260 min manatdan çox güzəştli kredit verilib. Kreditlər əsasən pambıqçılıq, heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılan pambıqçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, bugünədək pambıqçılığın inkişafı ilə bağlı 190-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 59 mln. manata yaxın, o cümlədən 5 iri fermer təsərrüfatına 23 mln. manat, 170-dən çox kiçik həcmli pambıqçılıq təsərrüfatına 2,1 mln. manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 mln. manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi