Rusiya və Türkiyə birgə investisiya fondu yaradır

Rusiya və Türkiyə birgə investisiya fondu yaradır Fondun aktivləri 1 mlrd. dollar olacaq
Biznes
13 Sentyabr , 2016 14:11
Rusiya və Türkiyə birgə investisiya fondu yaradır

Bakı. 13 sentyabr. REPORT.AZ/ Rusiya və Türkiyə ümumi aktivləri 1 mlrd. ABŞ dolları olacaq birgə investisiya fondu yaradır. "Report" xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru Kiril Dmitriyev məlumat verib.

Onun sözlərinə görə, yeni fond prioritet sahələrdə həyata keçiriləcək birgə layihələrin maliyyələşdirilməsi məqsədi ilə yaradılır. Söhbət kənd təsərrüfatı, sağlamlıq, turizm, infrastruktur layihələrindən gedir.

"Hazırda Türkiyədə suveren fondun yaradılması başa çatmaq üzrədir. Birgə fond həmin fondun və RBİF-in təşkilatçılığı ilə yaradılacaq. Vacib odur ki, həm Türkiyədəki fondun, həm də birgə fondun təşkil edilməsində RBİF-in təcrübəsindən istifadə olunur", - deyə K.Dmitriyev qeyd edib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi maliyyələşdirmə qurumu Türkiyənin "Rönesans Holding"i ilə aktiv əməkdaşlıq edir, holdinqin Rusiyanın daşınmaz əmlak bazarı, tikinti sektoru ilə bağlı layihələrinə dəstək verilir. Eyni zamanda, digər türk şirkətləri ilə müxtəlif regionlarda və sahələrdə sövdələşmə imkanları öyrənilir.

RBİF rəhbəri vurğulayıb ki, yeni fondun yaradılması rus-türk investisiya layihələrini sistemli şəkildə maliyyələşdirməyə imkan verəcək: "Hazırda ümumi dəyəri 300 mln. dollar olan layihələrə maliyyə dəstəyi verilməsi imkanları nəzərdən keçirilir. RBİF 20 ölkə ilə tərəfdaşdır və bu cür tərəfdaşlığın hər birinin dəyəri bir neçə yüz milyon dollardan bir neçə milyard dollara qədər dəyişir. Buna görə də, birgə fondun yaradılmasını optimal hesab edirik".

Rusiya-Türkiyə birgə investisiya fondu 2017-ci ildə fəaliyyətə başlaya bilər. Hazırda perspektiv layihələr nəzərdən keçirlir. Mütəxəsislərin fikrincə, bu, iki ölkə arasında biznes münasibətlərinin əlaqələndirilməsinə və böyük vəsait tələb edən iddialı layihələrin maliyyələşdirilməsinə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi