Nazirlik: Azərbaycanda qiymət artımı müşahidə edilmir

Nazirlik: Azərbaycanda qiymət artımı müşahidə edilmir Qanun pozuntusuna yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görülüb
Biznes
28 Fevral , 2015 14:47
Nazirlik: Azərbaycanda qiymət artımı müşahidə edilmir

Bakı. 28 fevral. REPORT.AZ/ "Aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb və çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılması təmin edlib. Hazırda pərakəndə ticarət obyektlərində çörək və çörək məhsulları əvvəlki qiymətlərlə satılır və qiymətlər sabitdir". Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən deyilib.

Məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində manatın məzənnəsinin dəyişdirilməsindən sonrakı ilk günlərdə dərman preparatlarının qiymətlərində müşahidə olunan qiymət artımının qarşısı alınıb və dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb.

Dövlət Xidmətinin ölkə ərazisini və bütünlükdə istehlak bazarını əhatə edən monitorinqləri zamanı bəzi ticarət obyektlərində bir sıra ərzaq malları üzrə süni qiymət artımı, habelə süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılması halları müəyyən edildiyi, bununla əlaqədar, həmin malların istehlak bazarında əsas təchizatçıları barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıldığı və qanunvericiliyə uyğun tədbirlərin davam etdirildiyi deyilir.

Monitorinqlər zamanı, həmçinin bəzi marketlərdə süni qıtlıq yaratmaq məqsədilə malların dövriyyədən çıxarılması, istehlakçıların qiymətdə və çəkidə aldadılması halları da aşkar edilib və bu qanunsuzluqların qarşısı alınıb. Qanun pozuntusuna yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görülüb.

Dövlət Xidməti tərəfindən bir sıra ticarət obyektlərində əsassız qiymət artımı və istehlakçıların qiymətdə aldadılması üzrə yoxlamalar aparılıb və müvafiq tədbirlər görülüb. Artıq bir sıra ticarət müəssisələrində də həmin əlamətlər üzrə yoxlamalar aparılır.

Qurum yaydığı məlumatda görülmüş tədbirlərin nəticəsi olaraq, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlərin sabit olduğunu, artım müşahidə edilmədiyini və manatın məzənnəsinin dəyişdirilməsindən əvvəlki dövrdəki səviyyədə olduğunu qeyd edib: "Bununla belə, İqtisadiyyat və Sənaye Nazirliyi intensiv nəzarət tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək".

Xatırladaq ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi fevralın 21-də Tədbirlər Planı qəbul edib.

Son xəbərlər

Orphus sistemi