Şahin Mustafayev: "İran öz şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinə qarşı tədbirlər görməlidir"

Şahin Mustafayev: "İran öz şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinə qarşı tədbirlər görməlidir" Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranın kooperasiya, əmək və sosial rifah nazirini qəbul edib
Biznes
16 Aprel , 2015 18:28
Şahin Mustafayev: İran öz şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinə qarşı tədbirlər görməlidir

Bakı. 16 aprel. REPORT.Az/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb.

“Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Dövlət Komissiyasının Tehranda keçiriləcək növbəti iclasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Ş.Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını diqqətə çatdırıb. Bir sıra İran şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərdiyini qeyd edən Ş.Mustafayev bildirib ki, İran hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.

İranlı nazir Ə.Rəbii ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Rəhbərlik etdiyi Nazirliyin fəaliyyəti barədə məlumat verən qonaq iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi