​Mingəçevirdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib

​Mingəçevirdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib Forum çərçivəsində Mingəçevir və ətraf rayonlardan olan 60 sahibkara 4,7 mln. manat güzəştli kredit verilib
Biznes
6 Noyabr , 2015 15:20
​Mingəçevirdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Mingəçevir şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib. Eyni zamanda, Mingəçevirdə həyata keçirilməsi məqsədəuyğun hesab edilən nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub və sahibkarların investisiya layihələri maliyyələşdirilib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Mingəçevirdə fəaliyyət göstərən 164 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 8,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1 160-dan çox yeni iş yerinin açılması mümkün olub. Ümumilikdə isə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 462 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzləri, quşçuluq fabrikləri, cins iri buynuzlu heyvandarlıq kompleksləri, çörək zavodları, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələri, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 36 800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Mingəçevir və ətraf rayonlardan olan 60 sahibkara 4,7 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən iri fermer təsərrüfatının yaradılması, heyvandarlıq, arıçılıq, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək.

Tədbirdə Mingəçevirdə güzəştli kredit ayrılan çörək və tikinti materiallarının istehsalı müəssisələrinə baxış keçirilib. Ümumilikdə, son illər ərzində 21 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına, müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 72 mln.manat güzəştli kredit ayrılıb. Bu müəssisələrdən 19-u artıq istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi