Maliyyə Nazirliyi zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğul olanlara müraciət edib

Maliyyə Nazirliyi zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğul olanlara müraciət edib Qiymətli metallar və daşlardan olan zərgərlik, digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır
Biznes
29 Avqust , 2016 17:42
Maliyyə Nazirliyi zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğul olanlara müraciət edib

Bakı. 29 avqust. REPORT.AZ/ Maliyyə Nazirliyi qiymətli metal və qiymətli daşlardan olan zərgərlik, eləcə də digər məişət məmulatlarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib. 

"Report"un məlumatına görə, müraciətdə bildirilib ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır.

Qeyd edilənlərlə əlaqədar, ölkədə istehsal edilmiş və xaricdən satış məqsədilə gətirilmiş zərgərlik və digər məişət məmulatlarının analizini, ekspertizasını, əyarlanması və damğalanmasını təmin etmək məqsədilə həmin məmulatların Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur.

Azərbaycan Prezidentinin 2016-cı il 20 aprel tarixli fərmanı ilə “Lisenziya və icazələr haqqında” 15 mart 2016-cı il tarixli qanun təsdiq edilib. Həmin qanunda “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısının 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib. 

Əks halda “Qiymətli metallar və qiymətli daşlar haqqinda” qanuna əsasən, dövlət əyar damğalarını saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına görə, İnzibati Xətallar və Cinayət məcəllələri ilə müəyyən edilmiş qaydada məsuliyyət yaranır.

Dövlət Xidməti dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi uçotu və saxlanılması sahəsində dövlət nəzarətinin həyata keçirən icra hakimiyyəti orqanıdır.

Son xəbərlər

Orphus sistemi