​Koreya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ilk iclası keçirilib

​Koreya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ilk iclası keçirilib Məlumata görə, iclasda hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların və qurumların nümayəndələri iştirak edib
Biznes
14 İyun , 2016 18:08
​Koreya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ilk iclası keçirilib

Bakı. 14 iyun. REPORT.AZ/ Seulda Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib. Bu barədə “Report”a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclasda hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların və qurumların nümayəndələri iştirak edib.

İclasda iki ölkə arasında iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə geniş əlaqələrin mövcud olduğu, hər iki ölkə arasında bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT çərçivəsində də fəal əməkdaşlıq etdiyi bildirilib.

Komissiyanın iclasında o da vurğulanıb ki, ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və hər iki ölkənin ixracyönümlü məhsullarının qarşılıqlı olaraq digər ölkə bazarında satışı üçün səylərin artırılması vacibdir.

Komissiyanın Koreya tərəfdən həmsədri, ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee, öz növbəsində, ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini, bu istiqamətdə birgə komissiyanın işinin səmərəli olacağına inandığını deyib.

Vu Tehee Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izlədiklərini, ölkədə xarici şirkətlər, o cümlədən Koreya şirkətlərinin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və sərmayə mühitini yüksək qiymətləndirdiklərini bildirib. Müzakirələrdən sonra Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb.

Azərbaycanın Koreyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə komissiya üzvləri tələbələrin təhsili, onların qarşılaşdıqları çətinliklər və həlli vacib problemlərlə maraqlanıblar.

Xatırladaq ki, Komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi