​İtaliyada Azərbaycanın ölkə təqdimatı keçirilib

​İtaliyada Azərbaycanın ölkə təqdimatı keçirilib İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri: "Azərbaycan İtaliyanın əsas xarici ticarət tərəfdaşlarındandır"
Biznes
25 Avqust , 2015 17:47
​İtaliyada Azərbaycanın ölkə təqdimatı keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ Milanda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İtAzerCom) birgə təşkilatçılığı ilə “Milan Expo-2015” ümumdünya sərgisi çərçivəsində Azərbaycanın ölkə təqdimatı - “Azərbaycana investisiya yatırın: biznes mühiti və imkanları” mövzusunda tədbir keçirilib. "Report"un verdiyi xəbərə görə, bu barədə Azpromo məlumat yayıb. 

"İtAzerCom"un rəhbəri Manuela Traldi Azərbaycanın İtaliyanın əsas xarici ticarət tərəfdaşlarından olduğunu, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində iri layihələrin reallaşdırıldığını və belə layihələrin həyata keçirilməsində İtaliya şirkətlərinin də iştirak etdiyini bildirib.

Azpromonun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edərək bildirib ki, ölkədə əlverişli biznes və investisiya mühiti yaradılıb. Onun sözlərinə görə, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və artan maliyyə imkanları onu xarici investora çevirib.

Tədbirdə Azərbaycan İnvestisiya Şirkəti və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə, həmçinin Balaxanı Sənaye Parkına dair təqdimatlar keçirilib.

Tədbir iştirakçıları “Milan Expo-2015” ümumdünya sərgisində Azərbaycan pavilyonu ilə də tanış olublar. 

Qeyd edək ki, ümumdünya sərgisində Azərbaycan pavilyonunun yaradılması layihəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Sərgi oktyabrın 31-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi