Dağıstan Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir

Dağıstan Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir Ramazan Abdulatipov: "Sahilə yaxın ərazilər boş qalıb, bu sahədə təcrübəniz bizə töhfə verə bilər"
Biznes
12 May , 2016 16:06
Dağıstan Azərbaycan investorlarını əməkdaşlığa dəvət edir

Bakı. 12 may. REPORT.AZ / Azərbaycan ənənəvi olaraq Rusiyanın Dağıstan Respublikasının tərəfdaşıdır. Dağıstanla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 

"İki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir. Hesab edirəm ki, bu səfər mədəni, iqtisadi-ticarət əlaqələrinin inkişafında yeni mərhələ olacaq. Ötən il Qəbələ şəhərində keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində azərbaycanlı və dağıstanlı iş adamları arasında tərəfdaşlıq müqavilələri imzalanıb. Bunun nəticəsi olaraq, bir çox yerli şirkətlər artıq Dağıstanda fəaliyyət göstərir", - deyə Ş.Mustafayev qeyd edib. 

Öz növbəsində, Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycanın onlar üçün mühüm dövlətlərdən biri olduğunu qeyd edərək bildirib ki, Azərbaycanla Dağıstan arasında iqtisadi-ticarət əlaqələrinə dair açıqlanan rəqəmlər mövcud potensialdan dəfələrlə azdır: "Siyasi sahədə əlaqələrimiz yüksək səviyyədə olsa da, bu, özünü iqtisadi sahədəki əməkdaşlığımızın göstəricilərində əks etdirmir. Buradan belə nəticə çıxır ki, biz lazımi fəallıq göstərmirik". 

Dağıstanın başçısı azərbaycanlı iş adamlarını ölkəsində fəaliyyət göstərməyə dəvət edib: "Hazırda Dağıstan yeni restoranlar, hotellər, o cümlədən istirahət zonalarının təşkil olunmasına böyük ehtiyac duyur. Sahilə yaxın böyük ərazilər boş qalıb, sizin bu sahədə təcrübəniz bizə bu işdə töhfə verə bilər". 

Tədbirdə qeyd olunub ki, ticarət dövriyyəsinin həcmi hər il respublikanın xarici ticarət dövriyyəsinin təxminən 30%-ni təşkil edir. Şimal-Qafqaz Gömrük İdarəsinin məlumatına görə, Dağıstan Respublikası ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2015-ci ildə 161,1 mln. ABŞ dolları (2014-cü ildə 278, 8 mln. dollar) təşkil edib. Bunun 20,8 mln. dolları (2014-cü ildə 22,2 mln. dollar) ixrac, 140, 3 mln. dollar (2014-cü ildə 256,6 mln. dollar) isə idxalın payına düşüb. 

Daha sonra Dağıstan nümayəndə heyəti ölkənin turizm potensialına dair təqdimatla çıxış edib.

Qeyd edək ki, Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində "Caspian İnvest Group" və Dağıstan Respublikası İnvestisiya və Sahibkarlıq üzrə Agentlik arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi