Bakıdan Cakartaya birbaşa aviareysin açılması təklif olunur

Bakıdan Cakartaya birbaşa aviareysin açılması təklif olunur Bu məsələni İndoneziyanın Azərbaycandakı səfiri gündəmə gətirib
Biznes
20 Sentyabr , 2016 12:38
Bakıdan Cakartaya birbaşa aviareysin açılması təklif olunur

Bakı. 20 sentyabr. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Fanani “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “Report”a “Caspian European Club”dan verilən məlumata görə, görüş zamanı “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian Energy International Media Group” çərçivəsində informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanları, İndoneziya şirkətlərinin 2016-cı il dekabrın 7-də keçiriləcək “Caspian Energy Forum”da iştirakı ilə bağlı məsələ müzakirə olunub.

Səfir qeyd edib ki, onun Azərbaycandakı missiyası işinə bu ilin mayında, dünya neft bazarlarında baş verən böhranla əlaqədar Azərbaycanda iqtisadi vəziyyətin pisləşdiyi dövrdə başlayıb: “Azərbaycanın İndoneziya üçün təkcə regionda deyil, həm də Şərqi və Mərkəzi Avropada strateji baxımdan əhəmiyyətli dövlət olması həm mənə, həm də ölkəmə yaxşı bəllidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonunda İndoneziyaya, İndoneziya Prezidenti Coko Vidodonun isə gələn il Azərbaycana səfər edəcəyinə ümid bəsləyirəm. İkitərəfli əlaqələrin möhkəmlənməsində aparıcı amil olan yüksək səviyyəli səfərlərlə yanaşı, həm də müəssisələr arasında əməkdaşlıq da vacibdir. Əlaqələrimizin, ticarətimizin gücləndirilməsi, həmçinin investisiyalaşma məsələsinin gələcək müzakirəsi üçün azərbaycanlı investorların İndoneziyaya, indoneziyalı investorların isə sizin ölkənizə səfərlərinin genişləndirilməsi olduqca mühümdür”, - deyə H.Fanani bildirib.

İndoneziyanın 155 milyon nəfər əhalisi və 17 500 adadan ibarət böyük ölkə olduğunu diqqətə çatdıran səfir vurğulayıb ki, ölkəsi üçün böyük həcmdə enerji lazımdır: “Azərbaycanda olduğu kimi, İndoneziyada da neft var. Biz sutkada 800 min barel neft hasil edirik. Lakin bizim 1 milyon 600 min barel neftə ehtiyacımız var. Tələb olunan neftin təqribən yarısı idxal olunmalıdır. Biz Azərbaycandan neft almaqla yanaşı, eyni zamanda Səudiyyə Ərəbistanı, Əlcəzair və İrandan da neft idxal edirik. Bu məqsədlə hər il 2,4 milyard ABŞ dolları vəsait sərf edirik. Azərbaycandan 400 min bareldən 600 min barelədək neft alırıq. Məhz bu səbəbdən son illər İndoneziya İtaliya və Almaniyadan sonra Azərbaycanın üçüncü nəhəng ticarət partnyoru adını qazanıb. Bundan əlavə, biz Azərbaycandan həmçinin mazut alırıq. Bu amillərə görə Azərbaycan İndoneziya üçün gəcəkdə də mühüm biznes-partnyor, həmçinin enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli tərəfdaş olacaq”.

“İqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyiriksə, o zaman Bakı və Cakarta arasında yaxşı nəqliyyat əlaqələri, həmçinin "AZAL" ilə "İndonesian Airlines" arasında əməkdaşlıq qurmalıyıq. İndoneziya və Azərbaycan arasında İndoneziya və Türkiyə arasındakı birbaşa reysə bənzər uçuşlar təşkil etməliyik. Bu yolla biz Azərbaycana çoxlu sayda indoneziyalı turist cəlb edə bilərik. İndoneziyadan Azərbaycana turist axınının artımının labüdlüyünü Prezident İlham Əliyev də çıxışları zamanı vurğulayıb. Biz hər gün insanları Ümrəyə (Həcc) ziyarətə göndəririk. Biz onları İndoneziyaya yaxşı nizamlanan tranzit məntəqələrin alternativi olaraq Azərbaycan vasitəsilə də geri qaytara bilərik. Bu, təkcə turizm sahəsində əməkdaşlığın gələcək inkişafında deyil, həm də İndoneziya ilə Azərbaycan arasında məlumatlılığın və anlayışın müəyyən səviyyəyə yüksəlməsi baxımından da yardımçı olacaq”, - deyə səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi