Bakıda istehlakçı hüquqlarının müdafiəsinə dair "dəyirmi masa" keçirilib

Bakıda istehlakçı hüquqlarının müdafiəsinə dair "dəyirmi masa" keçirilib 15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günüdür
Biznes
15 Mart , 2016 15:55
Bakıda istehlakçı hüquqlarının müdafiəsinə dair dəyirmi masa keçirilib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarət və ictimai təşkilatların rolu” mövzusunda "dəyirmi masa" keçirilib. “Report” xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq ictimai təşkilatların, KİV-in nümayəndələri və sahibkarlar iştirak ediblər.

"Dəyirmi masa"nı giriş sözü ilə açan Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərində olduğunu qeyd edib, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bu sahədə qarşıya qoyulan vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri ilə görülən işlərdən danışan Z.İsayev istehlakçıların daha etibarlı və effektiv müdafiəsində ictimai təşlikatların rolunu diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, maarifləndirmə, təbliğat-təşviqat tədbirləri çərçivəsində kompleks işlər həyata keçirilir. Bakıda və regionlarda müxtəlif konfrans və seminarlar təşkil edilir, istehlakçı hüquqları ilə bağlı məlumatlar yayılır, müxtəlif bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılar və satıcılar arasında paylanılır.

Eyni zamanda bildirilib ki, son illər istehlakçıların hüquqlarının müdafiəsinə yönəldilən tədbirlər daha da gücləndirilib. Görülən işlərin nəticəsi olaraq istehlak bazarında mal və xidmətlərin keyfiyyətində ciddi müsbət dəyişikliklər müşahidə olunur. Bu sahədə ictimai nəzarətin təşkili və ictimai təşkilatların rolunun artırılması xüsusi önəm kəsb edir.

Daha sonra çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyevin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi Müqalib Mahmudovun istehlakçıların hüquqlarının müdafiəsində ictimai nəzarətin əhəmiyyəti və bu sahədə ictimai təşkilatların rolu barədə məruzələri dinlənilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyətinin baş katibinin köməkçisi Səlcuq Düzgün, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova, İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İmadəddin Mehrəliyev və digərləri istehlakçıların hüquqlarının müdafiəsində ictimai təşkilatlarıın fəaliyyət istiqamətləri barədə çıxış ediblər.

Dəyirmi masada yerli və beynəlxalq ictimai təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələri istehlakçı hüquqlarının qorunmasında ictimai nəzarətin səmərəliliyinin artırılması barədə müxtəlif təkliflər səsləndirmiş, istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi