Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək Tədbirdə dünyanın aparıcı idarəçi və iqtisadçıları iştirak edəcəklər
Biznes
23 Yanvar , 2015 15:33
Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları "The Economist Events" tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Forumunda iştirak etmək üçün mart ayında Bakıda toplaşacaqlar.

"Report"un verdiyi xəbərə görə, forum "The Economist" jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi ilə keçəcək və Azərbaycanın neft iqtisadiyyatının diversifikasiyası imkanları və ölkənin idman, təhsil və incəsənət regional mərkəzə çevrilməsi yolları üzrə aparıcı dövlət xadimlərinin məruzələri ilə işə başlayacaq.

Forum çərçivəsində Bakıda keçiriləcək iri idman hadisəsi – Avropa Oyunları-2015, həmçinin bu layihəyə yatırılan iri investisiyalardan sonra qalacaq irs məsələləri, bu cür iri tədbirə ev sahibliyi edən ölkənin nüfuzunun vacibliyinə həsr olunmuş məruzə ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edəcək. Bundan başqa, tədbirdə Avropa Oyunları-2015-in icraçı direktoru Saymon Kleq (Simon Clegg) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin çıxışı olacaq.

Müzakirələrdə bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edəcəklər. Forum çərçivəsində Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov, "Holcim"in regional meneceri Horia Adrian (Horia Adrian), Azərbaycan Yüksək Texnologiyalar Parkının baş direktoru Seymur Ağayev, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçısı Dimitri Qvindadze (Dimitri Gvindadze) və "ADA" Universitetinin rektoru Hafiz Paşayev çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Forumu martın 17-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi