Bakıda Azərbaycan-Fransa iqtisadi əlaqələri müzakirə edilib

Bakıda Azərbaycan-Fransa iqtisadi əlaqələri müzakirə edilib MEDEF-in nümayəndə heyətinin mayda Azərbaycana səfəri nəzərdə tutulub
Biznes
4 Mart , 2016 16:02
Bakıda Azərbaycan-Fransa iqtisadi əlaqələri müzakirə edilib

Bakı. 4 mart. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aurelia Buşezi qəbul edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. O bildirib ki, Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfə verir: “Ölkələrimiz arasında parlamentlərarası əlaqələrin, eləcə də mədəniyyət və təhsil sahəsində əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə önəmlidir. Azərbaycan-Fransa iqtisadi əlaqələri müxtəlif sahələri ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq edilir. Hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalları, 2015-ci ildə Parisdə təşkil edilmiş qida və kənd təsərrüfatı məhsullarının sərgisi, biznes forumlar Azərbaycan-Fransa iş adamları arasında əməkdaşlığın genişlənməsində, təcrübə mübadiləsində əhəmiyyətlidir”.

Görüşdə qeyd olunub ki, Fransa Şirkətlər Hərəkatının (MEDEF) may ayında Azərbaycana nəzərdə tutulan səfəri zamanı nümayəndə heyətində çoxsaylı fransız şirkətlərinin təmsil olunması da iş adamları arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Azərbaycanın Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq etdiyini qeyd edən Ş.Mustafayev hazırda müzakirəsi davam etdirilən Azərbaycanla Fransa arasında Regionlararası Əməkdaşlıq Şurasının yaradılmasını dəstəklədiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, Fransanın bəzi şirkətlərinin Azərbaycanın işğal olunan ərazilərində fəaliyyətinin qəbuledilməz olduğunu deyib.

Səfir O.Buşez Azərbaycanın Cənubi Qafqazda Fransanın mühüm tərəfdaşlarından olduğunu, ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir hazırkı iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib, Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi