​Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçirilib

​Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçirilib Nazir müavini: "İqtisadi əlaqələrin genişlənməsi üçün Azərbaycan və ABŞ-ın böyük potensialı var"
Biznes
19 Noyabr , 2015 12:01
​Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçirilib

Bakı. 19 noyabr. REPORT. AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 mlrd. dollara qədər artıb. Bu sahədə ABŞ-dan Azərbaycana idxal əməliyyatları 50% genişlənib.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ işgüzar görüşündə çıxışı zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib.

Onun sözlərinə görə, indiyədək ABŞ-ın Azərbaycana sərmayə qoyuluşu 10 mlrd. dollar təşkil edir. Bunun 9 mlrd. dolları neft, 1 mlrd. dolları isə qeyri-neft sektorunun payına düşür.

"İqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və ABŞ-ın böyük potensialı mövcuddur. Məlum olduğu kimi, Azərbaycan kosmik peyklərin buraxılması sahəsində Amerika şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin "Azərbaycan Hava Yolları" QSC ABŞ-dan 6 təyyarə alıb. Azərbaycan iqtisadi, maliyyə və siyasi cəhətdən sabit ölkədir", - deyə S.Babayev qeyd edib.

Nazir müavini bundan başqa əlavə edib ki, 1995-ci ildən Azərbaycana 200 mlrd. dollar sərmayə yatırılıb.

Azərbaycan qanunvericiliyinin xarici sərmayələri qoruduğunu vurğulayan S.Babayev iki ölkənin şirkətləri arasında yaranan hər hansı bir problemin ölkə daxilində həllini tapdığını deyib. O, həmçinin Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək nəticələrə layiq görüldüyünü də diqqətə çatdırıb.

S.Babayev ölkənin qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini də deyib: "Ölkədə ÜDM-in 70%-i məhz bu sektorun payına düşür. Bu sektorun daha da sürətlə inkişaf etməsini istəyirik, nəqliyyat layihələri həyata keçiririk. Bu sahədə bir "hub" mərkəzə çevrilmək niyyətindəyik. Hazırda tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə bir nəqletmə vasitəsi olacaq. Eyni zamanda, kənd təsərrüfatı sahəsində böyük potensialımız var. Azərbaycanın kənd təsərrüfatı məhsulları xaricdə brend olaraq tanınır. MDB ölklərinə 300 mln. dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edilib. Mərkəzi Asiyaya şəkər, bitki yağları ixrac edilir".

Sonda S.Babayev ABŞ şirkətlərini Azərbaycanın işğal edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmamağa çağırıb.

Son xəbərlər

Orphus sistemi