İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə,Nazirliyin Bakı Biznes Tədris Mərkəzi Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi (GIZ) ilə birlikdə "Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram"ını həyata keçirir.
Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində iqtisadi kooperasiya üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.
Sahibkarların və menecerlərin iqtisadi kooperasiya üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə iyunun 30-da namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilib və müsabiqədə iştirak edən 53 sahibkar və gənc menecerdən 24-ü müvəffəqiyyət qazanıb. Müsabiqədən uğurla keçənlər Almaniyanın Selle şəhərində yerləşən Almaniya Menecment Akademiyasında və müvafiq müəssisələrdə oktyabrın 19-dan noyabrın 15-dək iqtisadi kooperasiya üzrə ixtisasartırma kursları keçəcəklər.
Qeyd edək ki, sentyabrın 27-28-də Bakı Biznes Tədris Mərkəzində 24 sahibkar və gənc menecerlər üçün hazırlıq seminarı keçirilib.