​Azərbaycanda bu il 593 vergi ödəyicisinə cinayət işi açılıb

​Azərbaycanda bu il 593 vergi ödəyicisinə cinayət işi açılıb Cinayət işləri üzrə aparılan araşdırmalar zamanı 10,2 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib
Biznes
9 Oktyabr , 2014 17:04
​Azərbaycanda bu il 593 vergi ödəyicisinə cinayət işi açılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 593 cinayət işi başlanıb. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Həmin cinayət işlərindən 111-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (o cümlədən, 73-ü külli və xeyli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə əlaqədar səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar, 475-i vergi borcunun ödənilməməsi barədə və 2 iş aksiz markaları ilə markalanmamış malların satış məqsədilə saxlanması faktı barədə vergi orqanlarından daxil olmuş materiallar, 5-i isə qanunsuz sahibkarlıq faktı ilə əlaqədar digər hüquq-mühafizə orqanlarından daxil olan materiallarla bağlı olub.

Hesabat dövründə Departamentin İstintaq İdarəsində 283 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 14 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaqı tamamlanmış cinayət işlərindən 85 nəfər barəsində 78 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Təhlil olunan dövrdə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 10 171,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bir cinayət işi üzrə təqsirləndirilən şəxsin 530 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub.

İcraatına xitam verilmiş 205 cinayət işindən 146 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (29 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 17 nəfər şəxs tutularaq İstintaq İdarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 297 şəxsin məcburi qaydada gətirilməsi, 126 şəxsin tapılaraq istintaqa gəlmələri, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 315 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi