Azərbaycanla Bolqarıstan arasında 70-dən artıq sənəd imzalanıb

Azərbaycanla Bolqarıstan arasında 70-dən artıq sənəd imzalanıb Bu gün Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib
Biznes
29 Sentyabr , 2016 11:10
Azərbaycanla Bolqarıstan arasında 70-dən artıq sənəd imzalanıb

Bakı. 29 sentyabr. REPORt.AZ/ "Azərbaycanla Bolqarıstan arasında 70-dən artıq sənəd imzalanıb. Bunun 20-si iqtisadi sahəni əhatə edir".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini qeyd edib ki, bu ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi 2,2% artıb. Onun sözlərinə görə, Bolqarıstan məhsulları və mallarına Azərbaycan bazarında böyük tələbat var: “Bununla yanaşı, Azərbaycan məhsulları da Bolqarıstan bazarına ixrac edilə bilər. Bunun üçün Azərbaycanın böyük imkanları var. Bunun üçün hökumətimiz xarici şirkətlərə bütün imkanları yaratmağa hazırdır. Şirkətləri bu sahədə daha aktiv olmağa, yerli şirkətlərlə əlaqə yaratmağa və istehsal etdikləri məhsulları üçüncü ölkələrə göndərməyə çağırırıq. Azərbaycanda investisiya yatırımları etmək üçün sahibkarlara geniş imkanlar yaradılıb".

"Energetika sahəsində əməkdaşlığımız uğurla davam etdirilir. Bu gün Bolqarıstan vasitəsilə Azərbaycan qazının Avropa ölkələrinə nəql olunması ilə bağlı danışıqlar aparılır. Tranzit sahəsində əməkdaşlığın böyüməsi üçün imkanlar genişdir. Bugünkü forumda Bolqarıstandan rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, neft-qaz, inşaat, mühəndislik xidmətləri, mebel, sığorta, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən 120-yə yaxın iş adamı iştirak edir”, - deyə S. Babayev bildirib.

Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski isə çıxışında vurğulayıb ki, bu gün iki ölkə arasında mövcud olan ticarət dövriyyəsinin həcmi hər iki tərəfi qane etmir: “Bu gün bu əməkdaşlığı artırmaq və ticarət dövriyyəsinin həcmini genişləndirmək üçün böyük imkanlar mövcuddur. Bolqarıstan Azərbaycana kimya, səhiyyə, əczaçılıq məhsullarını, həmçinin hazır şirələr, meyvə və tərəvəz emalı müəssisələrin avadanlıqlarını, kosmetik məhsullar, kənd təsərrüfatı məhsulları da ixrac edə bilər”.

Biznes-forumun sonunda iki ölkə arasında 4 anlaşma memorandumu imzalanıb. Bunlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Bolqarıstanın Kiçik və Orta Müəssələrin Təşviqi Agentliyi (BSMEPA) arasında memorandum, Azərvaycanın Ticarət-Sənaye Palatası və BSMEPA arasında memorandum, həmçinin AZPROMO və Bolqarıstanın Ticarət-Sənaye Palatası arasında memorandum, Azərvaycanın Ticarət-Sənaye Palatası və Sofiay şəhərinin Ticarət-Sənaye Palatası arasında memorandumdur.

Qeyd edək ki, biznes-forumda kənd təsərrüfatı, energetika, kommunikasiya, maşnnayıərma, səhiyyə və digər sahələrini əhatə edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi