​Azərbaycanda standartlaşdırma üzrə tvinninq layihəsinin yekun mərasimi keçirilib

​Azərbaycanda standartlaşdırma üzrə tvinninq layihəsinin yekun mərasimi keçirilib Arif Əşrəfov: "2017-ci ildə akkreditasiya sahəsində də tvinninq layihəsini həyata keçirməyi planlaşdırırıq"
Biznes
10 Mart , 2016 12:41
​Azərbaycanda standartlaşdırma üzrə tvinninq layihəsinin yekun mərasimi keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sisteminin müasirləşdirilməsi məqsədi ilə maliyyələşdirdiyi tvinninq layihəsinin yekun mərasimi keçirilib.

“Report” xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Britaniya Standartlar İnstitutu, AFNOR/ADETEF (Fransa) və SIQ (Sloveniya) təşkilatlarının konsorsiumu ilə tvinninq layihəsinin icrasına 2014-cü ilin yanvarında başlayıb və bu ilin martında bitməsi planlaşdırılır. Layihə çərçivəsində SMPDK ilə əməkdaşlıqda standartlaşdırma və texniki tənzimləmə sisteminin gücləndirilməsində, sistemin Azərbaycan iqtisadiyyatı və müəssisələrinin dəstəkləməsində, müasir tələblərə cavab verməsində müvafiq işlər görülüb.

Tədbirdə çıxış edən SMPDK-nin Aparat rəhbəri Arif Əşrəfov bildirib ki, tvinninq layihəsinin Azərbaycanda həyata keçirilməsi böyük və kiçik sahibkarlığın inkişafına təsir göstərəcək: “Avropa və Azərbaycanın birgə həyata keçirdiyi tvinninq layihəsinin əsas istiqamətlərindən birincisi standartlaşdırma və texniki tənzimləmə sistemi qanunvericiliyinin yeni mərhələyə keçməsidir. Bu haqda birinci qanunvericilik tvinninq layihəsinin dəstəyi ilə artıq tamamlanıb və Prezident Administrasiyasına təqdim edilib. Eyni zamanda, bu qanundan irəli gələn digər normativ akt, yəni standartlaşdırma haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilib. Bu sənəd artıq Nazirlər Kabinetinə təqdim olunub. Standartlaşdırma haqqında hazırlanan qanunvericilik sahibkarlar üçün münbit şərait yaradacaq. Məlum olduğu kimi, Azərbaycanda tvinninq layihəsi artıq bir sıra sahələrdə həyata keçirilib. Bu kimi layihələrin həyata keçirilməsi ölkənin biznes mühitinə müsbət təsir göstərir. Onu da əlavə edim ki, 2017-ci ildə biz akkreditasiya sahəsində də tvinninq layihəsini həyata keçirməyi planlaşdırırıq”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyi əməkdaşlıq qurumunun rəhbəri Ceroen Uillems (Jeroen Willems) çıxışında qeyd etdi ki, Azərbaycanda təhsil, xüsusi ilə peşə təhsili, kənd təsərrüfatı, rayon turizmi, böyük və kiçik sahibkarlıq sahələrində tvinninq layihələri həyata keçirilib: “Biznes mühitinin dəstəklənməsi və yerli sahibkarlığın inkişafı bu proqramın əsas prioritetlərindən biridir. Azərbaycanda bu cür 33 layihə həyata keçirilib. Hazırda Avropa İttifaqı və Azərbaycan bu layihənin davamı məsələsini nəzərdən keçirir. Bizim üçün önəmli olan layihənin uğurlu nəticəsidir. İnanıram ki, gələcəkdə də Azərbaycanla uğurlu əməkdaşlığımız davam edəcək”.

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen Makkormik (Stephen McCormick) vurğulayıb ki, burada əsas önəm verilən məqam tvinninq layihəsi çərçivəsində yerli biznesə və sahibkarlara fayda verməkdir: “Layihəni həyata keçirməkdə əsas məqsəd yerli sahibkarlıqda, biznes mühitində inkişafa, dəyişikliyə nail olmaqdır. Layihə çərçivəsində 27 ayda müxtəlif konfranslar və tədbirlər keçirilib. Azərbaycanda biznes mühitinin inkişaf etməsi üçün əlimizdən gələni edirik. Bundan sonrada bu sahənin inkişafı üçün köməklik etməyə hazırıq. Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etməsi üçün bu layihə böyük töhfə verib”.

Daha sonra tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin 1-ci məsləhətçisi Fabyen Dru-Lozinski (Fabienne Drout-Lozinski), Sloveniyanın Azərbaycandakı səfiri İqor Yukiç (Igor Jukiç) və digərləri çıxış ediblər.

Yekun mərasimdə layihə üzrə fəaliyyət və 4 nəticə (Keyfiyyət infrastrukturunun tənzimləyici çərçivənin Aİ və ÜTT tələblərinə uyğunlaşdırılması, SMPDK-nin nəzdində Azərbaycanın ölkə üçün spesifik milli maraqlarının beynəlxalq və Avropa səviyyəsində standartlaşdırılmasında iştirakını əlaqəndirəcək 10 Texniki Komitənin yaradılması və fəaliyyət göstərməsi, Azərbaycan standartlarından ibarət məlumat bazasının yaradılması, standartların satışı üzrə müasir sistemin yaradılması) təqdim edilib.

Son xəbərlər

Orphus sistemi