Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 22,4 mlrd. manatlıq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çox məhsul satılıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6% artaraq 11 185,2 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,5% artaraq 11 249,4 mln. manata çatıb.
Cari ilin 11 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 11,5 mln. manat təşkil edib. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6%-i hüquqi şəxslər, 8,4%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2%-i qeyri-ərzaq məhsullarının payına düşüb.
Eyni zamanda, hesabat dövründə iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 950,7 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 mln. manat təşkil edib.