Azərbaycanda daha 72 sahibkara 824 min manat güzəştli kredit verilib

Azərbaycanda daha 72 sahibkara 824 min manat güzəştli kredit verilib Kreditlər əsasən heyvandarlıq, balıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək
Biznes
8 Oktyabr , 2015 16:48
Azərbaycanda daha 72 sahibkara 824 min manat güzəştli kredit verilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Ağcabədi rayonunun Təzəkənd kəndində keçirib.

"Report" Nazirliyə istinadən xəbər verir ki, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatın verilməsi, Ağcabədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, meyvə-tərəvəz emalı, meyvəqurutma, pendir, ketçup, mayonez və xardal sousu, eləcə də üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Eyni zamanda, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 4 287 sahibkara 159,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9 900-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 445 mln. manata yaxın güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə 19 rayonda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 61,6 mln. manat dövlətin güzəştli kreditləri verilib. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulub, hər hektardan 58-60 sentner məhsuldarlıq əldə edilir. Həmçinin qeyd edilib ki, 23 cins heyvandarlıq kompleksinin yaradılmasına 89,4 mln. manat və illik emal gücü 200 min ton olan 8 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 19,1 mln. manat güzəştli kredit verilib. Qeyd olunub ki, son illər dövlətin güzəştli maliyyə dəstəyi göstərilmiş müasir heyvandarlıq kompleksləri və kiçik ailə fermer təsərrüfatları hesabına respublikanın süd emalı zavodlarının davamlı, eləcə də keyfiyyətli xammala olan tələbatının təmin edilməsində mühüm rol oynayır.

İşgüzar forum çərçivəsində Ağcabədi və ətraf rayonlardan olan 72 sahibkara 824 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, balıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Forum çərçivəsində güzəştli kredit ayrılmış Ağcabədi və Beyləqan rayonları ərazisində yaradılmış özəl pilot taxılçılıq təsərrüfatına, Ağcabədi rayonunun Ağabəyli kəndində süd emalı zavoduna və heyvandarlıq kompleksinə baxış keçirilib. 

Son xəbərlər

Orphus sistemi