​Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin görüşü keçirilib

​Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin görüşü keçirilib Görüşdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər də müzakirə olunub
Biznes
27 Noyabr , 2015 15:10
​Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələrinin görüşü keçirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Rusiya il dövlət sərhədində yerləşən “Samur” gömrük-keçid məntəqəsinin inzibati binasında iki ölkənin gömrük xidmətləri nümayəndələrinin işçi qrupunun növbəti görüşü keçirilib. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirmək olub.

Görüşdə Rusiya Federasiyasını Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrük İdarəsi Yaraq-Qazmalar gömrük postunun rəisi Malaalli İsayev, Azərbaycanı isə DGK-nin Xaçmaz Gömrük İdarəsinin rəis müavini Zal Zalovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

İki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən görüş iştirakçıları ölkələrarası münasibətlərin qurulmasında, inkişaf etdirilməsində gömrük orqanlarının da böyük rol oynadığını vurğulayıb və işçi qrupunun növbəti görüşünün də qarşılıqlı əlaqələrin davamlı inkişafına xidmət etdiyini bildirib.

Görüşdə gömrük-keçid məntəqələrindən malların, nəqliyyat vasitələrinin keçidi zamanı yaranacaq problemlərin birlikdə aradan qaldırılması, qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsi və daha da gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının daşınması zamanı vaxta qənaət etmək məqsədilə bütün zəruri tədbirlərin görülməsi, eləcə də birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələlərilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi