​Azərbaycan və Rusiya gömrük sahəsində əməkdaşlığı genişləndirir

​Azərbaycan və Rusiya gömrük sahəsində əməkdaşlığı genişləndirir Tərəflər mal idxal-ixracının asanlaşdırılmasına dair sənəd imzalayacaq
Biznes
4 Fevral , 2015 11:47
​Azərbaycan və Rusiya gömrük sahəsində əməkdaşlığı genişləndirir

Bakı. 4 fevral REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanla Rusiya arasında gömrük sahəsində əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunaraq müvafiq sənədlər imzalanacaq. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.

"Müzakirəyə çıxarılan bir sıra məsələlər var. Bunlardan əsası bu gün imzalanmayacaq. Amma artıq bu məsələ müzakirə olunub  və biz razılığa gəlmişik. İki ölkə arasında ixracı asanlaşdıracaq sənəd imzalanacaq. Hazırda sənəd dövlətdaxili prosedurları keçir. Bu, Azərbaycanda tez xarab olan və eyni zamanda tez xarab olmayan emal məhsulları, aksizli məhsullar istisna olmaqla bütün məmulatlara şamil olunacaq", - deyə A.Əliyev qeyd edib.

DGK sədri bildirib ki, eyni zamanda daha iki sənədin imzalanması nəzərdə tutulub. 

"Bunlardan biri statistik məlumatların mübadiləsidir, digəri 2015-2016-ci illərdə birgə fəaliyyət planıdır. Fəaliyyət planında qaçaqmalçılıq sahəsində mübarizə ilə bağlı tədbirlərin keçirilməsi, Ekspertiza İdarəsi ilə Rusiya Mərkəzi Gömrük Laboratoriyası arasında təcrübə mübadiləsi və digər məsələr nəzərdə tutulub. Bundan əlavə, bir sıra başqa məsələlər də müzakirə olunacaq", - Komitə sədri bildirib. 

Qeyd edək ki, Rusiya Federal Gömrük Xidmətinin sədri Andrey Belyaninov Azərbaycanda işgüzar səfərdədir.

Son xəbərlər

Orphus sistemi