Azərbaycan Sahibkarlar Konfederasiyası ​Çində nümayəndəlik açmaq niyyətindədir

Azərbaycan Sahibkarlar Konfederasiyası ​Çində nümayəndəlik açmaq niyyətindədir Azərbaycan Sahibkarlar Konfederasiyasında Çin səfirliyinin müşaviri ilə görüş keçirilib
Biznes
11 Fevral , 2015 13:08
Azərbaycan Sahibkarlar Konfederasiyası ​Çində nümayəndəlik açmaq niyyətindədir

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Çinin Azərbaycandakı səfirliyinin iqtisadiyyat və kommersiya ofisinin rəhbəri, müşavir Yuy Hunçi ilə görüşüb. Bu barədə "Report"a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Çinli qonaqlara Azərbaycan iqtisadiyyatı və aparılan islahatlar barədə məlumat verən M.Musayev bildirib ki, bu gün Azərbaycan və Çin arasında çoxtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Görüşdə Konfederasiyanın fəaliyyətindən və son vaxtlar həyata keçirdiyi layihələrdən söhbət açılıb. ASK-nın prezidenti bildirib ki, indiyədək Konfederasiya ilə Çinin özəl sektorunu təmsil edən qurumlar arasında bır sıra görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə edilib. Gələcəkdə də iki ölkə arasında mövcud əlaqələrin, iqtisadi-ticarət münasibətlərinin genişlənməsinin vacibliyi dilə gətirilib.

Qeyd olunub ki, mövcud potensialdan istifadə etməklə, iki ölkənin özəl sektorunu təmsil edən təşkilatlar arasında əlaqələri daha da inkişaf etdirmək üçün real imkanlar var və Konfederasiya buna hazırdır. ASK-nın Çinin Urumçi və Çunsin Ticarət Palataları ilə əməkdaşlıq müqavilələri mövcuddur. Bu əməkdaşlıqdan irəli gələrək xeyli sayda iş adamı ASK-nın təşkilatçılığı ilə Urumçi şəhərində keçirilən müxtəlif sərgilərdə iştirak ediblər. Gələcəkdə mərkəzi regionlarlarla əməkdaşlıq genişlənərsə, bu da Azərbaycanda özəl sektorun inkişafına öz tövhəsini verər.

Y.Hunçi isə son illər ərzində Azərbaycanın qazandığı iqtisadi uğurların ölkəsinin diqqət mərkəzində olduğunu, xüsusilə də Orta Asiya və postsovet ölkələrində milli valyutaların devalvasiyası gedən zaman müşahidə olunan, lakin Azərbaycan manatının məzənnəsinin sabit saxlanmasını fərəhli hal hesab edib.

Müşavir Çin və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra daha sürətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb və deyib ki, iş adamları yaradılmış əlverişli imkanlardan yararlanmaqla əlaqələrini daha da genişləndirməli, hər iki ölkədəki böyük potensialdan səmərəli istifadə etməlidir. Qonaq ASK ilə mövcud əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını, iki ölkənin iş adamlarının birgə əməkdaşlığı üçün səylərini artıracaqlarını bildirib. O qeyd edib ki, nəinki Çində təşkil edilən sərgilər, toplantılar, o cümlədən Azərbaycanda da biznes forumlar, görüşlər keçirməyi planlaşdırırlar.

ASK-nın bir neçə ölkədə nümayəndəliyinin açıldığını yüksək qiymətləndirən Y.Hunçi Konfederasiyanın Çində nümayəndəliyinin açılmasının da arzuolunduğunu qeyd edib.

Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, tekstil və turizm və s. sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycan və Çin biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstəriləcək.

Son xəbərlər

Orphus sistemi