​Azərbaycan reklam qanunvericiliyini sərtləşdirir

​Azərbaycan reklam qanunvericiliyini sərtləşdirir Sosial reklam mülkiyyət formasından asılı olmayaraq bütün KİV-də ödənişsiz olması təklif edilir
Biznes
3 Aprel , 2015 18:13
​Azərbaycan reklam qanunvericiliyini sərtləşdirir

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda sosial reklamın mülkiyyət formasından asılı olmayaraq bütün KİV-də ödənişsiz olması təklif edilir. "Report"un verdiyi xəbərə görə, bu təkliflə "Reklam haqqında" qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşda müzakirəsi zamanı deputatlar çıxış ediblər.

Millət vəkili Musa Quliyev də bildirib ki, sosial reklamlar güzəştli şərtlərlə ya da ödənişsiz olmalıdır, yoxsa heç kim sosial reklam verməz: "Qanun layihəsində deyilir ki, sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz, özəl yayımçılar tərəfindən ödənişli əsaslarla yayımlanmalıdır. Bu sosial reklamın mahiyyəti etibarilə düzgün deyil. Həmçinin bu, qanun layihəsinin digər maddəsinə də əksdir".

Deputat Elton Məmmədov isə deyib ki, 1997-ci ildə qəbul edilən reklamla bağlı qanunun yenilənməsinə ciddi ehtiyac var. Birinci oxunuşdan sonra layihəyə qiymətlərin tənzimlənməsi maddəsinin əlavə edilməsi mühüm addımdır: "35-ci maddədə deyilir ki, reklam sahəsində qiymətlər bazar münasibətlərinə uyğun olaraq müqavilə ilə tənzimlənir".

O, həmçinin dərsliklər üzərində reklamların verilməsinin qadağan olunmasını təklif edib: "Açıq reklamların təhsil müəssisələrindən hansı məsafədə olması qanunla müəyyənləşməlidir. Bunun 100-200 metr olmasını qanunla müəyyən etməliyik".

E.Məmmədov yalnız yerli içkilərin reklam olunması təklifi ilə çıxış edib: "Dünyanın o başında kimsə pul qazanacaqsa, niyə reklam edək? Yerli bazarı stimullaşdıracaq yerli məhsulları reklam etməliyik".

O, həmçinin açıq məkanda reklam yerləşdirmək üçün icazənin bələdiyyəyə verilməsini təklif edib. Bildirək ki, hazırda bu səlahiyyət icra orqanlarına aiddir.

Deputat Vahid Əhmədov isə bildirib ki, qanun layihəsinə əsasən, hər bir reklam yayıcısı TV və radioda reklam üçün ayrılan efir vaxtının, nəşrdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı 8%-ni sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9:00-dan 24:00-a qədər yayımlanmalıdır. Sosial reklamın yayılma müddəti isə reklam üçün ayrılan ümumi efir vaxtına aid edilmir.

Həmçinin qanun layihəsində reklamın insan tərəfindən optimal qarşılanması ilə bağlı reklamlararası interval müəyyənləşib.

Qanun layihəsinə əsasən, teleradio proqramlarında tündlüyü 5%-dən yuxarı olan alkoqollu içkilərin reklamının 07:00-dan 23:00-dək yayımlanması, alkoqollu içkilərin dövrü mətbuatın üz qabığında, internet saytlarının ön səhifəsində, nəqliyyat vasitələrinin üzərində yerləşdirilməsi qadağandır.

Layihəyə əsasən, tütün və tütün məmulatları, ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanların reklamı qadağandır.

Qeyd edək ki, "Reklam haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında ikinci oxunuşda müzakirə olunaraq qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi