Azərbaycan Polşa iş adamlarını əməkdaşlığa dəvət edir

Azərbaycan Polşa iş adamlarını əməkdaşlığa dəvət edir Polşa ilə Azərbaycan arasında sənaye, kiçik və orta sahibkarlıq, investisiya sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar var
Biznes
2 İyun , 2015 19:25
Azərbaycan Polşa iş adamlarını əməkdaşlığa dəvət edir

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda səfərdə olan Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin iştirakı ilə Azərbaycan-Polşa işgüzar görüşü keçirilib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, tikinti, maliyyə, ekologiya, inşaat materiallarının istehsalı və digər sahələri təmsil edən iş adamları iştirak ediblər.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin və görüşlərin əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edib. Azərbaycan və Polşa arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan Ş.Mustafayev kənd təsərrüfatı, sənaye, infrastruktur, İKT, turizm, energetika və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanları diqqətə çatdırıb.

Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Y.Pexoçinski iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, Polşanın Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə qeyd olunub ki, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və turizm sahəsində Azərbaycan böyük potensiala malikdir və Polşa tərəfi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bundan başqa, sənaye, kiçik və orta sahibkarlıq, investisiya və s. sahələrdə də ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün imkanlar var.

İşgüzar görüş çərçivəsində Azərbaycan və Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, turizm, ekologiya və digər sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

İşgüzar görüş sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi